Körpələrdə sarılıq xəstəlik əlamətidir?

Yeni doğulan körpələrdə sarılıq əlamətlərinin görünməsi nədən xəbər verir? Sarılıq əlaməti xəstəlikdir, yoxsa buna adi yanaşmaq lazımdır?

e-tibb.az bununla bağlı pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun paylaşdığı məlumatı təqdim edir:

Yeni doğulan körpələrdə 2-3-cü sutkadan etibarən dəridə sarılıq müşahidə oluna bilər. Əksər hallarda bu sarılıq fizioloji sarılıqdır və 7-10 gün ərzində azalaraq öz-özünə keçib gedir.

Əksər hallarda fizioloji sarılıq zamanı körpəyə lazımsız müalicələr (öd qovucular, şirin sular, qlükoza və s.) təyin olunur. Lakin valideyinlər bilməlidir ki, fizioloji sarılıq heç bir müalicə tələb etmir. Sadəcə olaraq, körpəni tez-tez və bol miqdarda qidalandırmaq kifayətdir. Fizioloji sarılıq tədricən azalaraq öz-özünə keçib gedir.

Lakin bəzi hallarda körpədə müşahidə edilən sarılığın bir çox pataloji səbəbləri ola bilər. Pataloji sarılıq zamanı körpədə sarılığın səviyyəsi yüksək olur. Körpə süst olur, çəkinin artmaması, əmmədə azalma və s. kimi çoxlu sayda şikayətlər müşahidə olunur. Bu zaman mütləq həkimə müraciət olunmalı və sarılığın səbəbi araşdırılmalıdır.