Körpələrdə qəbizlik barədə yanlış bilinənlər – Pediatr RƏYİ
“Yeni doğulmuş körpələr ilk vaxtlarda tez-tez bayıra çıxırlar. Bu, normaldır. Bu bəzi körpələrdə 3, bəzilərində 5, hətta 6-8 dəfə də ola bilər”.
e-tibb.az-ın xəbərinə görə, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.
Onun sözlərinə görə, əgər körpənin inkişafı həkim tərəfindən normal dəyərləndirilirsə, bu zaman heç bir müalicəyə ehtiyac yoxdur. Yox, əgər normal dəyərləndirilmirsə, bu zaman əlavə analizlərə və müalicəyə ehtiyac vardır: “Adətən birinci ayın sonlarından etibarən körpələrdəki bu vəziyyət əks istiqamətdə dəyişir. Bu dəfə isə uşaqlar gec-gec bayıra çıxmağa başlayırlar. Analar bunu qəbizlik kimi başa düşürlər və narahat olurlar. Ancaq narahatlığa əsas yoxdur. Süni qidalarla qidalananlar 3 gündə bir dəfə, ana südü ilə qidalananlar isə hətta 5-6 gündə bir dəfə bayıra çıxa bilirlər. Körpədə başqa narahatçılıqlar yoxdursa, bunu normal kimi qəbul etmək lazımdır”.