Hər on körpədən biri vaxtından əvvəl doğulur- 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günüdür

17 noyabr – Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günüdür.

e-tibb.az xəbər verir ki, dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur, bu isə dünyadakı hər on körpədən bir deməkdir.

2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib.

Bu gün həmin fondun yaradcılarından biri üçün xüsusi əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız övladı dünyaya gəlib. Bir il sonra noyabrın 17-də Avstriyanın paytaxtındakı Müqəddəs Mixail meydanında Vyana Universitetinin klinikasının professorları Arnold Pollak və Anjelika Berger il ərzində vaxtından əvvəl doğulan uşaqların sayına uyğun olaraq səmaya 500 ədəd ağ şar buraxıblar.

2011-ci ildən başlayaraq 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi qeyd edilir.

 Belə bir günün qeyd olunmasında əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi və hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.

Bu gün ölkəmizdə də qeyd olunur. Azərbaycanda 2014-cü ildən diri doğulma meyarları dəyişib. Həmin ilin oktyabrında Nazirlər Kabineti “Diri doğulmanın beynəlxalq meyarları” haqqında qərar qəbul edib. 2015-ci ilin yanvarın 1-dən ölkənin bütün tibb müəssisələrində bu meyar tətbiq olunur.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, doğuş, diri doğulma hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsi abort kimi qəbul edilir. Əvvəllər isə hamiləlik 28-ci həftədən hesablanırdı, sonradan onu daha 6 həftə irəli çəkiblər. Bununla yanaşı, beynəlxalq qaydalara uyğun olaraq yeni doğulan körpənin çəkisi 500 qram və ya artıq olmalı, ən azı 4 həyat əlamətindən – sərbəst nəfəs, ürək döyüntüsü, göbək bağının döyünməsi və əzələlərin sərbəst hərəkətinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.

Vaxtından qabaq doğulmuş uşaqlar üçün 4 dərəcə müəyyən edilib:

1-ci dərəcə. Uşaq 35-37 həftədə doğulub, onun çəkisi 2001-2500 qr arasıdır.

2-ci dərəcə. 32-34 həftə, uşağın çəkisi – 1501-2000 qr.

3-cü dərəcə. 29-31 həftə, çəki – 1001-1500 qr.

4-cü dərəcə. Hamiləliyin müddəti 22-29 həftədən az olan, çəkisi 1 kq-dan az.

1-2 dərəcələr daha yüngül, 3-cü dərəcə orta, 4-cü dərəcə ağır sayılır.

Vaxtından qabaq doğulmuş uşaqlarda əsas problem sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır.

Bu qrup uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacib sayılır.

Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər.

Bu qrup uşaqlarda qara ciyər də natamam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.

Bundan başqa, vaxtından əvvəl doğulanlarda ən geniş yayılan problemlədən biri də görmə ilə bağlı olur. Ona görə də belə uşaqların mütləq oftalmoloq müayinəsindən keçirilməsi tövsiyə olunur.

e-tibb.az