Körpələrdə göbəyə qulluq necə olmalıdır?

Yeni doğulanlarda göbəyə qulluq xüsusi diqqət tələb edir. Düzgün qulluq edilməyəndə bu, körpə orqanizmində bir çox problemlərə səbəb olur. Göbəyə qulluq necə olmalıdır? Düzgün olmayan qulluq nələrə səbəb olur?

e-tibb.az bununla bağlı pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:

Uşağın bətndaxili inkişafı bu orqanın hesabına həyata keçirilir. Körpənin ağzı olsa da formal xarakter daşıyır, qidalanma göbək ciyəsindən keçən damarlar sayəsində olur.

Uşaq doğum evindən gələndən sonra çalışıb göbəyi quru saxlamaq lazımdır. Uşaq bezi göbəyin üstünə düşməməlidir, açıq hava təması olmalıdır.

Yaranı quru saxlamaq lazımdır. Əgər yumşaldıcı krem və s. vasitələr vurulsa mikrobların inkişafına münbit şərait yaranar. Ən yaxşı vasitə spirtdir: gündə iki dəfə səhər axşam. Yod və “zelyonka” dediyimiz rəngli vasitələr olmaz. Onlar göbəyi boyayıb mənzərəni pozur, qızartı, irin olsa gec görünür.

Göbəyi kəsəndən sonra qalan ciyənin güdülü 5-7 gün ərzində quruyub düşür. “Populyar vasitələr” olan zelyonka və yod vurulsa və ya krem çəkilsə düşmə gecikir. Əvvəllər göbək düşərdi sonra zahını evə yazardılar. İndi isə bu proses evdə olduğu üçün “göbəyi nə edək”sualı verilir.

Xalq arasında göbəyin uşağı şər qüvvələrdən qoruduğuna inanırlar: bəziləri həyətdə, bəziləri çöldə yerə basdırıb, bir qismi üzərində gəzdirir, bir sıra valideynlər də xatirə olaraq sevimli guşələrində saxlayırlar.

Uşağı göbəyi düşmədən çimdirmək olarmı? Olar, amma qurulamaq şərti ilə. Bəzən göbək bayıra çıxır, üzərinə plastır və ya metal pul qoymaq olmaz. Göbəyi düşmədən uşağı üzüüstə qoymaq olmaz: güdülü ehtiyatsız hərəkətdən qopub qanaya bilər. Pudra və losyon işlətmək olmaz!