Körpə ölümləri ilə bağlı məlumatlar yalandır !!!

Səhiyyə Nazirliyi gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda körpələrin ölümü barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-nın sorğusuna cavab olaraq bildirib ki, körpə ölümləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilişi dayandıqda, tibb müəssisələrində generatorlar avtomatik işə düşüb və həmin saatlarda xəstəxanalarda yüzlərlə əməliyyat icra olunub.

S. Əhmədova qeyd edib ki, elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda hər hansı ölüm faktı qeydə alınmayıb: “Körpələrin ölümünü necə gizlətmək olar? Belə bir fakt qeydə alınmayıb”.

Qeyd edək ki, gecə saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.

 

Aktual.az

APA