“Körpə dostu klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə icrasına başladığı “Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində iyulun 23-25-də və iyulun 31-dən avqustun 2-dək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında “Körpə dostu klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirilib.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir şəhər, Yevlax və Ağdaş Rayon Mərkəzi xəstəxanalarının həkim və orta tibb heyəti üçün təşkil olunan təlim tibb müəssisələrində “Körpə Dostu Klinikası” standartlarının tətbiqinə hazırlıq məqsədi daşıyıb.
Təlim proqramı bir sıra mövzuları əhatə edib: ana südü ilə qidalandırmanın təşviqi, süni qida vasitələrinin, əmzikli şüşələrin və əmziklərin təbliğatının aparılmaması, ana südü ilə qidalandırmaya dair tibb işçilərinin nəzəri bilik və praktiki bacarıq səviyyələrinin artırılması, körpələrdə olan xüsusi vəziyyətlər və ananın sağlamlığı ilə bağlı narahatlıqlar.
Təlim zamanı iştirakçılara ana südü ilə qidalandırılmanın həm körpə, həm də ana üçün əhəmiyyəti və qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları barədə məlumatlar verilib.
Həmçinin “Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində pilot ərazilərdə fəaliyyət göstərən mərkəzi xəstəxanaların doğum şöbələrində “Analar Klubu”nun yaradılması nəzərdə tutulub. Bu məqsədlə avqustun 8-də ana südü ilə qidalanma üzrə məsləhətçi və agentliyin məsul əməkdaşı pilot ərazilərə səfər ediblər. Səfər müddətində “Analar Klubu”nun yaradılması və ana südü ilə qidalandırmanın əhəmiyyəti barədə anaların maarifləndirilməsi planlaşdırılıb.
“Körpə Dostu Klinikası” standartlarının pilot ərazilərdə xidmət göstərən tibb müəssisələrində tətbiqi ana və uşaq sağlamlığının qorunması, sübutlu təbabət prinsiplərinə əsaslanan yanaşmanın icrası, ana südü ilə qidalandırmanın təşviqi və dəstəklənməsi, habelə süni qida məhsullarının, əmzikli şüşələrin və əmziklərin aqressiv marketinqi ilə uğurlu mübarizəsi üçün əsaslı zəmin yaradır.
Qeyd edək ki, cari il yanvarın 19-da agentlik və UNICEF arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum ana və uşaqların sağlamlığının qorunması istiqamətində aparılan tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədinə xidmət edir.