“Körpə dostu klinikası təşəbbüsü” proqramında tərəflərin öhdəlikləri müzakirə edilib
Bakı, 8 iyul, AZƏRTAC
“Ana südü ilə uğurlu qidalandırmaya doğru on addım” adlı təlimlərin keçirildiyi müəssisələrin “Körpə dostu klinikası təşəbbüsü” proqramına cəlb edilməsi məqsədilə Elmi-Tədqiqat Pediatriya İnstitutunda görüş keçirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə İnstitutun direktoru Allahverdi Musayev, TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İsgəndərov, şöbə məsləhətçisi Nahidə Mahmudova BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin “Səhiyyə və qidalanma” proqramının rəhbəri Töhfə Cəmilova, proqramın məsləhətçisi Vəfa Ağayeva və institutun digər əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı TƏBİB və UNICEF-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Körpə dostu klinikası təşəbbüsü” proqramında tərəflərin öhdəlikləri və əməkdaşlığın perspektivləri müzakirə edilib.