Könül Məmmədova: Almaniyada tanınmış həkimlərimizin öz təcrübələrini bölüşməsi konfransımıza xüsusi rəng qatdı
    		    Auqsburq, 1 noyabr, AZƏRTAC
Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yubiley konfransının keçirilməsi bizim üçün çox sevindiricidir. Ümumiyyətlə, Almaniyada çalışan iki minə yaxın azərbaycanlı həkimlərimizin bir qisminin təşkilatımızın sıralarında birləşməsi bizim üçün çox önəmlidir. Almaniyada çalışan 120-dək həkimin qatıldığı konfransda həm tibb elminin son yeniliklərini müzakirə etdik, eyni zamanda, səmərəli təcrübə mübadiləsi apardıq. Konfransın ən maraqlı tərəflərindən biri də odur ki, Almaniyada Vətən həsrəti çəkən həkimlərimiz, soydaşlarımızla bir araya gələrək xoş dəqiqələr keçirdik və özümü bir an sanki Azərbaycanda təsəvvür etdik. Ümidvaram ki, bütün iştirakçılar bu tədbirdən xoş təəssüratlarla ayrılacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə AMD-nin İdarə Heyətinin üzvü, həkim mütəxəssis Könül Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.
Konfrans çərçivəsində panel müzakirələri və təqdimatlarda mühüm mövzuların müzakirə olunduğunu qeyd edən həkim bildirib: “Mövzular arasında süni intellektin tibdə tətbiqi, müxtəlif ölkələrdə tibb təhsilinin müsbət və mənfi tərəfləri, bəzi aktual mövzular, o cümlədən aorta disseksiyaları, aorta anevrizmaları zamanı ilkin tibbi yardım və s. məsələlər müzakirə olundu. Professor Natiq Həsənov kimi Almaniyada uzun illər uğurla fəaliyyət göstərən tanınmış həkimlərimizin öz təcrübələrini bölüşməsi də tədbirimizə əlavə rəng qatdı. Bu baxımdan tədbirin burada iştirak edən həkimlərimizin bilik və təcrübələrinin artırılmasına öz töhfəsini verəcəyinə inanırıq”.
Auqsburq