Kontakt linzalar infeksiyanın yayılmasına və iltihabi xəstəliklərin yaranmasına səbəb ola bilər
Bakı, 2 sentyabr, AZƏRTAC
Estetik görünüşünə və rahatlığına görə daha çox optik linzaya üstünlük verirlər. Linzalar buynuz qişa üzərində yerləşdirilir, şəffaf cisim okulyar səthi örtən göz yaşı təbəqəsinə yapışır və göz qapaqlarının təzyiqi altında yerini tutur. Ondan istifadə etməzdən əvvəl isə mütləq həkim müayinəsindən keçmək lazımdır.
Bu barədə AZƏRTAC-a məlumat verən Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu deyib: “Müayinə zamanı ilk növbədə göz nömrəsi müəyyənləşdirilir və sonra gözün təzyiqi yoxlanılır. Növbəti mərhələdə isə mikroskop vasitəsilə göz qişaları dəyərləndirilir. Daha sonra damlalı müayinə vasitəsilə göz üçün linza təyin edilir. Aparılan müayinələr nəticəsində hər kəsin göz quruluşuna uyğun fərqli linza müəyyənləşdirilir”.
Həkim-oftalmoloq qeyd edib ki, linzalar buynuz qişa ilə sıx təmasda olduğuna görə infeksiyanın yayılmasına, mikrobların gözə keçməsinə və iltihabi xəstəliklərin yaranmasına səbəb ola bilər: “Kontakt linzalar xüsusi qulluq tələb edir, xüsusilə gigiyena qaydalarına ciddi əməl olunmalıdır, yəni əllər təmiz yuyulmalı, göz ətrafı təmiz saxlanılmalı, kontakt linza makiyaj edilmədən əvvəl taxılmalıdır. Suyu hər gün dəyişmək daha məsləhətdir. Linzaların hər birini öz müddətinə uyğun istifadə etmək məsləhət görülür. Növündən asılı olaraq duş qəbul edərkən və yatarkən kontakt linzalar mütləq çıxarılmalıdır. Yumşaq linzaları sutka ərzində 8 saatdan çox istifadə etməmək tövsiyə edilir. Hibrid linzalarda isə həmin müddət daha uzundur, yəni sutkada 16 saata qədər gözdə qala bilər”.
Onun dediyinə görə, gigiyenik baxımdan ən əlverişlisi gündəlik linzalardır. Bundan əlavə linzanın həftəlik, aylıq istifadə olunan növləri də var. Kontakt linzanı seçərkən onun əsasən yumşaq olmasına fikir vermək lazımdır ki, gözə taxarkən heç nə hiss olunmasın. Linzanı taxandan sonra gözdə həssaslıq və yanğı varsa, mütləq onu çıxarmaq və həkim-oftalmoloqa müraciət etmək lazımdır.
Gözə uyğun linza seçdikdə cisim düz mərkəzdə yerləşir və buynuz qişanı örtür. Linza düz seçiləndə onun kənarı gözə təzyiq göstərmir.