Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 4 İran vətəndaşı yerləşdirilib
Bakı, 25 fevral, AZƏRTAC
1 saylı Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 19-21 yaşarası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən üçünün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.
Qeyd edək ki, yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər, xəstə insanlarla ünsiyyətdə olmayıblar.
Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.