Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində qalanların səhhətində ciddi problem aşkarlanmayıb
Bakı, 6 fevral, AZƏRTAC
Hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində Çindən qayıtmış 6 nəfər qalıb. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.
Məlumatda qeyd edilib ki, həmin pasiyentlər Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların virusa yoluxanlarla kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssisində olanların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evə buraxılacaqlar.