Kliniki Tibbi Mərkəzdə ilk dəfə 1 yaşlı körpə üzərində laparoskopik üsulla əməliyyat icra edilib
Bakı, 7 mart, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə 0-18 yaş aralığında uşaqların laparoskopik üsulla cərrahi əməliyyatları icra olunmağa başlayıb.
AZƏRTAC mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, 18 yaşdan yuxarı şəxslərdə olduğu kimi az yaşlı uşaqlarda da bu üsulla edilən cərrahi əməliyyatlar uğurla nəticələnir. Laparoskopik əməliyyatlarda yara daha tez sağalır, infeksiya, irinləmə ehtimalı isə daha az olur. Tibdə bu formada icra olunan qasıq yırtığı əməliyyatlarından sonra xəstəliyin təkrar yaranma ehtimalının az olduğu müşahidə edilir.
Kliniki Tibbi Mərkəzdə ilk dəfə 1 yaşlı körpə üzərində aparılan qasıq yırtığı əməliyyatı laparoskopik üsulla çox qısa zamanda icra edilib. Körpədə əməliyyat zamanı heç bir ağırlaşma halı müşahidə edilməyib. Əməliyyatdan bir neçə saat sonra xəstə evə buraxılıb.