Kişilərin ata olma yaşını getdikcə daha çox gecikdirməsi reproduktiv sağlamlıqla bağlı riskləri artırır
Milli.Az xəbər verir ki, bunu urologiya üzrə mütəxəssis Prof. Dr. Murat Zor deyib. O bildirir ki, kişilərdə yaş artdıqca toxum hüceyrələrinin sayı, hərəkətliliyi və DNA bütövlüyü pozulur ki, bu da həm hamiləliyin əldə edilməsini çətinləşdirir, həm də uşaqda bəzi sağlamlıq problemlərinin yaranması ehtimalını yüksəldə bilər.
Mütəxəssisə görə, toxum hüceyrələrinin keyfiyyətinin ən yüksək olduğu yaş aralığı 25-35-dir. 35 yaşdan sonra toxum hüceyrələrinin hərəkətliliyində azalma, DNA zədələnməsində artım, testosteron səviyyəsində isə tədrici enmə müşahidə olunur. Tibbi ədəbiyyat 40 yaşdan yuxarı dövrü “irəli ata yaşı” kimi qiymətləndirir. Bu mərhələdə hamiləlik müddətinin uzanması, düşüklərin artması və genetik risklərin yüksəlməsi ehtimalı qeyd olunur.
Araşdırmalar göstərir ki, toxum hüceyrələrindəki DNA pozuntularının artması yalnız hamiləliyin baş verməsini çətinləşdirmir, həm də uşağın metabolik və nevroinkişaf sağlamlığına uzunmüddətli təsir göstərə bilər. Son 40 ildə toxum hüceyrəsi sayının dünya üzrə təxminən 50 faiz azalması isə kişi sonsuzluğundakı artımı təsdiqləyir. Bunun əsas səbəbləri stress, qeyri-sağlam qidalanma, obezlik, siqaret, alkoqol, hava çirkliliyi və toksik kimyəvi maddələrə məruz qalma kimi faktorlarla bağlıdır.
Mütəxəssislər sağlam reproduktivlik üçün siqaretin tərgidilməsi, normal çəkinin qorunması, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu, yüksək temperaturdan uzaq durmaq və antioksidanlarla zəngin qidalanma kimi tövsiyələri önə çəkir.