Keratopiqmentasiyadan yalnız ekstremal hallarda istifadə edilməlidir – mütəxəssis rəyi

Bakı, 23 oktyabr, AZƏRTAC

Buynuz qişa döyməsi hesab edilən keratopiqmentasiya haqqında ilk qeydlərə qədim tibbi mətnlərdə rast gəlmək olar. Həkimlər buynuz qişada çapıqlar nəticəsində yaranan ağ ləkə olan leykomanı maskalamaq üçün buynuz qişaya piqment yeritmək kimi primitiv üsullardan istifadə edirdilər. XIX əsrdə buynuz qişaya döymə üsulu daha populyarlaşdı və müxtəlif buynuz qişa qüsurları olan xəstələrin gözlərinin görünüşünü yaxşılaşdırmaq üçün istifadə edildi. Həkimlər istənilən effekti əldə etmək üçün müxtəlif bitki və mineral piqmentlərdən istifadə edirdilər. Keratopiqmentasiyanı gözümüzə qədər gəlib çatan “tatuaj” hesab etmək olar.

AZƏRTAC xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

Onun sözlərinə görə, keratopiqmentasiya əməliyyatı qüzehli qişanın lazerlə rəng dəyişimi ilə müqayisədə az travmatikdir, ağrısızdır, əməliyyat gözlərin təbii rəngini tamamilə dəyişdirə bilər və geniş rəng seçiminə malikdir. Lakin rəngli buynuz qişa ilə göz qeyri-təbii görünür və protezə bənzəyir. Boyanın zamanla yuyula biləcəyini də nəzərə almağa dəyər, buna görə əlavə korreksiya tələb oluna bilər. Əməliyyatdan sonra əvvəlki göz rənginə qayıtmağınız qeyri–mümkündür. Eyni zamanda, fotofobiya, buynuz qişanın deformasiyası, buynuz qişada yeni damarların əmələ gəlməsi, quru göz sindromu, gözdə yad cisim hissiyyatı, buynuz qişanın infeksiyaları (bakterial, virus, göbələk), boyanın qeyri-bərabər paylanması, korluq kimi müxtəlif növ ağırlaşmalara rast gəlinə bilər.

Uğurlu əməliyyat görmə itiliyinə və rəng qavrayışına pis təsir göstərməsə də, qaranlıqda bəbək genişləndikdə rənglənmiş buynuz qişa sahəsi optik sahəyə daxil olur və görmənin keyfiyyəti aşağı düşür. Bundan başqa, keratopiqmentasiya bəbək genişlənərək göz dibinə baxılmasını çətinləşdirir.

Bildirilib ki, müxtəlif ölkələrdə edilən araşdırmalara görə, göz rəngini dəyişənlər arasında fotohəssaslıq ən çox görülən simptomdur. Bəzi rənglər isə tamamilə təhrif oluna bilər.

Bu ilin yanvar ayında Amerika Oftalmologiya Akademiyası göz rənginin dəyişdirilməsi əməliyyatı ilə bağlı risklər barədə xəbərdarlıq edib. Mümkün fəsadlar arasında buynuz qişanın zədələnməsi, bulanıqlıq və ya görmə itkisi, işığa qarşı həssaslığın artması, allergik reaksiyalar, bakterial infeksiyalar, piqmentin qeyri-bərabər paylanması və gözə piqment sızması daxildir. Prosedur nisbətən yeni olduğundan və yaxşı tədqiq edilmədiyindən, gələcək təsirləri barədə məlumat yoxdur. Həmin risklərə görə, Fransa, İngiltərə, Kanada və ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə keratopiqmentasiya qadağandır. Bu ölkələrdə əməliyyatın risklərinin mümkün estetik faydalardan çox üstün olduğuna inanırlar.

“Rəng dəyişimi üçün rəngli kontakt linzalar ən asan və təhlükəsiz yoldur. İstənilən rəngi əldə etməyə imkan verir. Linzaların istifadə rejiminə və qaydalarına əməl etsəniz, ağırlaşmalar və görmə itkisi riski olmayacaq. Bundan əlavə, istənilən vaxt təbii göz rənginizə qayıda bilərsiniz. Sosial şəbəkələrdə geniş vüsətdə keratopiqmentasiya barədə yayılan videoçarxlardan ilham almış, tibbi təsəvvürü məhdud olan vətəndaşlarımızın qeyri-normal istəklərini həyata keçirən, maddi marağını vətəndaşın rifahından üstün tutan həkimlərə müraciətdən əvvəl hər kəsi bir qədər düşünərək, maariflənərək, sözün əsl mənasında, mütəxəssis məsləhəti alaraq qərar verməyə çağırırıq. Bu cür əməliyyatlar yalnız ekstremal hallarda istifadə edilməlidir”, – deyə Yazgül Abdıyeva əlavə edib.