Kəkələmənin səbəbləri və aradan qaldırlması yolları
Bakı, 23 noyabr, AZƏRTAC
Uşaqlarda rast gəlinən nitq qüsurları arasında ən ağırı kəkələmə hesab olunur. Bu, danışıqda tutuqluq, kəlmə və səs təkrarı kimi müşahidə edilən nitq pozuntusudur. Kəkələmə zamanı diqqət yetirilən ilk səbəb onun bioloji olub-olmamasıdır. Bəzən valideynlər düşünürlər ki, bioloji kəkələmənin müalicəsi mümkün deyil.
Kəkələmə 2-6 yaş arası uşaqlarda daha çox rast gəlinir, çünki həmin yaş nitq biliklərinin ən çox inkişaf etdiyi dövrdür. Mütəxəssislərin dediyinə görə, həmin nitq qüsuru qızlara nisbətən oğlanlarda daha çox müşahidə olunur. Bunun səbəblərindən biri bəzi ailələrin qız uşaqlarına daha çox diqqət ayırması və bunun nəticəsində oğlanların sıxıntı keçirməsi ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, loqoped Nuriyyə Aslanova bununla əlaqədar olaraq deyib: “Qız uşaqları oğlanlara nisbətən daha güclü xarakterə malikdirlər, onların sinirləri də daha güclü olur. Kəkələmə ananın hamilə vaxtı keçirdiyi qorxu, stres, yuxusuzluq, şiddət və s. kimi psixoloji travmalardan da yarana bilər. Ailədə valideynlərdən biri kəkələyirsə, uşaq onu təkrarlaya da bilər”.
Kəkələyən uşaqlar bağçada, məktəbdə, eləcə də digər kollektivlərdə yaşıdları ilə ünsiyyət zamanı müəyyən problemlərlə üzləşirlər. Bu da onların həyat tərzinə, xüsusən də davranış, xasiyyət və rəftarına mənfi təsir göstərir. Belə uşaqlar ünsiyyətdən çəkinir, özünə qapanmağa, tək qalmağa meyilli olur, bəzən isə aqressiv davranırlar.
Psixoloq Mehriban Məmmədova bununla əlaqədar deyib: “Kəkələmə genetik səbəblərlə də bağlı ola bilər, ailədə kimdəsə həmin hal varsa bu, uşaqda da təkrarlana bilər. Lakin onun mənbəyində qorxu, həyəcan, stres kimi səbəblər olur və kəkələməyə təkan verir. Kəkələmə zamanı avtomatik olaraq onlarda özləri barədə mənfi düşüncələr yaranır. Onlara elə gəlir ki, danışsalar onlar haqqında yaxşı düşünməzlər və yaxud danışanda nitq qüsuruna yol verəcəklər. Belə düşüncələr özü də onların daha çox kəkələməsinə aparıb çıxarır”.
Xatırladaq ki, kəkələmə müalicə edilən xəstəlikdir. Müalicənin daha da səmərəli olması üçün valideynlərə evdə uşaqlarla terapevtik danışıqlar aparmaq məsləhət görülür.