Kardioloq: Həkim məsləhəti olmadan körpələrə sakitləşdirici dərmanlar vermək tövsiyə edilmir
Bakı, 19 fevral, AZƏRTAC
Həkim müayinəsi olmadan, kiminsə məsləhəti ilə uşaqlara hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev deyib.
Həkim bildirib ki, azyaşlıya özbaşına hansısa dərman vermək onun üzərində təcrübə aparılmasına bənzəyir: “Bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər. Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərəfdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır”.
Mütəxəssis uşaqlarda əl və ayaq soyuqluğunun, dərinin göyərməsinin qan dövranının pozulmasının əlaməti olduğunu deyib: “Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir. Həmçinin bəzi valideynlər uşaqların böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirirlər. Halbuki, bu, normal haldır. Belə ki, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir. Odur ki, uşaqlar böyüdükcə ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlıq əsassızdır”.