Kaliforniyada uşaq diş məcununun inqrediyentinə olan allergik reaksiya nəticəsində ölüb

Vaşinqton, 20 aprel, AZƏRTAC

Kaliforniyada 11 yaşlı qız uşağı tərkibində süd zülalı olan diş məcununun inqrediyentinə qarşı allergik reaksiya nəticəsində dünyasını dəyişib.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, ölən Denizin valideynləri – Monik Altamirano və Xose Saldate öz bəyanatlarında allergiyalı uşaqları olan digər valideynləri məhsulun üzərindəki bütün məlumatları oxumağa çağırıblar. Bildiriblər ki, onların əllərinin altında daim EpiPens (adrenalin dozasının təcili inyeksiyası üçün birdəfəlik portativ qurğu) olub və həmişə qızlarında ciddi allergik reaksiya yarada biləcək hər şeydən çəkinməyə çalışıblar. Denizin süd məhsullarına allergiyası olub. Onlar hər dəfə uşağa hansısa məhsuldan istifadə üçün icazə verməmişdən əvvəl üzərindəki kiçik yazıları oxuduqlarını bildiriblər. Lakin heç vaxt diş məcununun tərkibində süd məhsulunun olması ilə rastlaşmayıblar. Bu səbəbdən də Denizə diş həkiminin təyin etdiyi “MI Paste One” müalicəvi diş məcunundan istifadəyə icazə veriblər.

Aprelin 4-də axşam Deniz dişlərini yeni diş məcunu ilə sürtdükdən dərhal sonra onun halı pisləşib. Anasının sözlərinə görə, uşaq yataq otağına çatanda artıq onun dodaqları göyərmişdi. Valideynləri “EpiPen” və astma inhalyatoru tətbiq etsələr də, Deniz artıq nəfəs ala bilmirdi. Həkim-mütəxəssislər gələnədək anası uşağa ürək-ağciyər reanimasiyası edib, lakin onu xilas etmək mümkün olmayıb. Məlum olub ki, diş məcununun tübikində “Recaldent” inqrediyenti – inək südü zülalından alınan ekstrakt barədə kiçik xəbərdarlıq qeyd edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton