K vitamini orqanizmi xərçəngdən, ürək və beyin xəstəliklərindən müdafiə edir

Bakı, 7 fevral, AZƏRTAC

Orqanizm K vitamini olmadan trombların yaranmasına nəzarət edə bilməz. K vitamini təbiətdə iki formada – K1 və K2 vitaminləri şəklində olur.

K1 vitamini və ya filloxinon brokkoli, Brüssel kələmi, baş kələmdə, kahı və ispanaq kimi yarpaqlı göyərtilərdə, avokado, banan, üzüm, kivi, qara gavalı kimi meyvələrin, K2 vitamini və ya menaxinon isə yüksək yağlılığa malik süd məhsullarının, yumurta sarısının, qaraciyər və digər subməhsulların, eləcə də misonun (paxlalıların, düyünün, buğdanın qıcqırdılması yolu ilə hazırlanır), turş kələmin tərkibində olur.

Bəs nəyə görə orqanizm kifayət qədər K vitamini almalıdır? Hər şeydən əvvəl K vitamini bədənə qanın parçalanması prosesini nizamlamaq imkanı verir, qan parçalanması üçün zəruri olan zülalların yaranmasına kömək edir. Həmin zülallar zədələr zamanı qanaxmanın qarşısını alır və yaranın sağalmasına yardım edir.

AZƏRTAC bu barədə “Food News” portalına istinadla xəbər verir.

Öz növbəsində, orqanizmdə K vitamininin kifayət qədər olması damarların sərtliyinin azalması və arterial təzyiqin sabitləşməsi sayəsində ürək-damar sisteminin vəziyyətinin yaxşılaşması ilə assosiasiya yaradır.

Bundan başqa, K vitamini xərçəngdən müdafiə qabiliyyətinə də malikdir. “Nutrients” jurnalında dərc olunan tədqiqatda bu vitaminin süd vəzisi, uşaqlıq boynu və yumurtalıq xərçənginə müsbət təsirindən söhbət açılır. Müsbət təsir dedikdə şişin inkişafının, eləcə də bədxassəli hüceyrələrin fəallığının dayandırılması nəzərdə tutulur.

K vitaminin digər faydalı xassələrinə sümüklərin sağlamlığına müsbət təsiri, baş-beyində yaşla əlaqədar degenerativ dəyişikliklərə mane olması, insulinə həssaslığı yaxşılaşdırması, diabet riskini azaltması, prostat vəzinin sağlamlığını möhkəmləndirməsi aid edilir.