İTSDA-nın şöbə müdiri: Vətəndaşların özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına tibbi xidmət almaq imkanları genişlənib

Bakı, 6 oktyabr, AZƏRTAC

Bu ilin ilk yarımilində icbari tibbi sığorta hesabına xidmətlərdən yararlanmaq üçün vətəndaşlara özəl tibb müəssisələrinə 154 min 987 göndəriş verilib. İlk 5 ay ərzində göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 89 min 560 tibbi xidmət göstərilib.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, həmin xidmətlərin 1738-dən uşaqlar, 87 min 822-dən isə böyüklər yararlanıblar. Həmin xidmətlər əsasən invaziv radiologiya, oftalmologiya və ürək-damar cərrahiyyəsi üzrə sahələri əhatə edib. “Bu rəqəmlər onu göstərir ki, vətəndaşların özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına tibbi xidmət almaq imkanları genişlənib”, – deyə o vurğulayıb.