İsrailli Professor-Həkimlər Heyətindən Uşaqların Sağlamlığına Dəstək – Ödənişsiz Müayinələr Uğurla Başa Çatdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, israilli professor-həkimlərdən ibarət nümayəndə heyəti K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda xeyriyyə məqsədli tibbi aksiya həyata keçirib.

İyunun 2-dən etibarən bir neçə gün ərzində pediatr, qastroenteroloq, endokrinoloq və kardioloq ixtisasları üzrə mütəxəssislər hər gün 15-20 uşağı peşəkar səviyyədə müayinə ediblər. Ümumilikdə onlar onlarla uşağın sağlamlıq vəziyyətini dəyərləndirib, vacib tibbi məsləhətlər verib və zəruri hallarda müvafiq yönləndirmələr aparıblar.

Bu ödənişsiz müayinələr uşaqların sağlamlığına qayğının və beynəlxalq tibbi həmrəyliyin nümunəsi olaraq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Aksiya uğurla yekunlaşıb və bir çox ailəyə praktiki dəstək verərək gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsinə böyük motivasiya yaradıb.