İsrailin Azərbaycandakı səfiri və Soroka Tibb Mərkəzinin nümayəndə heyəti K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda qonaq olublar

10 iyun 2025-ci il tarixində K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində yüksək səviyyəli görüş keçirilmişdir. Tədbirdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dik, Heydər Əliyev Fondunun əməkdaşları, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri, eləcə də İsrailin Soroka Tibb Mərkəzinin Pediatriya Departamentinin rəhbəri professor Devid Qrinberq və 7 nəfərdən ibarət mütəxəssis heyəti iştirak etmişdir.

Tədbirin açılışı Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, dosent Aynur Poluxovanın giriş nitqi ilə başlamışdır. Direktor qonaqları səmimiyyətlə salamlayaraq keçirilən görüşün məqsəd və vəzifələri, həmçinin nəzərdə tutulan proqram haqqında ətraflı məlumat vermişdir. Aynur Poluxova tədbirin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilməsini Azərbaycan-İsrail tibb əlaqələrinə verilən yüksək önəmin göstəricisi kimi dəyərləndirmiş, Fondun səhiyyə və uşaq sağlamlığı sahəsində həyata keçirdiyi çoxşaxəli layihələri, beynəlxalq tərəfdaşlıqlara verdiyi töhfələri xüsusi vurğulamışdır.

Tədbir çərçivəsində bir il ərzində tərəfdaşlıq əsasında görülmüş işlərin təqdimatı keçirilmiş, aparılan fəaliyyətlərin hesabatı iştirakçılara təqdim olunmuşdur. Qonaqlar institutun struktur bölmələri ilə yaxından tanış olmuş, tədqiqat, diaqnostika və müalicə istiqamətində həyata keçirilən işlərlə bağlı təqdimat dinləmişlər.

Daha sonra tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri cənab Corc Dik iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərindən bəhs edərək, səhiyyə sahəsində qurulan bu əməkdaşlığı yüksək qiymətləndirmiş, gələcəkdə də bu əlaqələrin genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirmişdir.

Soroka Tibb Mərkəzinin Pediatriya Departamentinin rəhbəri, professor Devid Qrinberq çıxışında qeyd etmişdir: “Uşaqların sağlamlığı bizim bütün tibbi fəaliyyətimizin mərkəzində dayanır. Azərbaycanlı həmkarlarımızla əməkdaşlıq çərçivəsində bu gün bir araya gəlmək bizim üçün olduqca dəyərli və əhəmiyyətlidir.”

Ardınca çıxış edən həkim-nevrocerrah dr. Mikki Gideon göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək bildirib: “2024-cü ildə azərbaycanlı həmkarlarımızla birlikdə uşaqların müayinəsində iştirak etmək, onların sağlamlıq problemlərinə fərqli yanaşmalarla dəstək vermək mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan son dərəcə dəyərli bir təcrübə olmuşdur.”

Tədbirin sonunda institutun direktoru dosent Aynur Poluxova tərəfindən səfir cənab Corc Dikə Elmi-Tədqiqat Pediatriya İnstitutunun loqosunu əks etdirən xatirə suveniri təqdim olunmuşdur. Qonaqlara Bakı İçərişəhər, Qarabağ və Şuşanı əks etdirən xatirə rəsmləri hədiyyə edilmiş, qarşı tərəf də öz növbəsində iştirakçılara suvenirlər təqdim etmişdir.

Sözügedən görüş tərəflər arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlığın möhkəmləndirilməsinə və gələcəkdə ortaq layihələrin uğurla davam etdirilməsinə zəmin yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.