İşləyən analara da martın 10-dək məzuniyyət veriləcək? - Nazirlikdən valideynləri düşündürən suala CAVAB
Xəbər verildiyi kimi, ötən gün Nazirlər Kabineti yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Nazirlər Kabinetinin məlum qərarı övladı bağça yaşında olan işləyən valideynləri müəyyən qədər narazı salıb.
Sosial şəbəkələrdən müvafiq dövlət qurumlarına çağırış edən bu qrup valideynlər qərarda göstərilən müddətdə (10 marta qədər) işləyən analara da məzuniyyət verilməsini istəyirlər.
Valideynlərin bildirdiyinə görə, bağça və məktəblərdə təlim-tədris prosesi martın 10-na qədər dayandırıldığı üçün kiçikyaşlı övladları evdə tək qalmaq məcburiyyətindədirlər. Kiçikyaşlı uşaqların evdə yalnız qalmaması üçün işləyən valideynlərdən birinə məzuniyyətin verilməsi təklif olunur. Valideynlər evdə tək qalan övladlarına baxacaq və kömək edəcək şəxslərin olmadığını əsas gətiriblər və sosial şəbəkələrdə məsələ ciddi müzakirə obyekti olub.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Cebhe.info-ya açıqlamasında işləyən valideynlərdən birinə müvafiq dövrə qədər məzuniyyətin verilməsi məsələsinin hazırda gündəmdə olmadığını bildirib.
Alçina Amilqızı
Cebhe.info