İnsan nitqinin təhlili psixozu müəyyənləşdirməkdə kömək edə bilər

ABŞ alimlərinin gəldiyi qənaətə görə, insan nitqinin təhlili psixozun yaranma riskini müəyyən edə bilər.

AZƏRTAC “7mednews” saytına istinadla xəbər verir ki, Nyu-Yorkun Tomas Uotson Tədqiqat Mərkəzinin mütəxəssisləri psixoz riski altında olan bir qrup adamın nitqi üçün təbii dilin avtomatik işləmə metodunu tətbiq ediblər. Əvvəllər bu məqsədlə psixiatrın pasiyentlə söhbəti metodu tətbiq olunurdu.

Tədqiqat müəllifləri risk qrupu altında olan insanlarda psixozun yaranma ehtimalını müəyyənləşdirəcək klassifikatorun öyrənilməsi üçün müxtəlif məlumatlardan istifadə ediblər. Bu zaman 93 yeniyetmə və gəncin müsahibə və söhbətləri təhlil olunub. İki il altı aydan sonra onlardan 24-də psixoz aşkar edilib. Avtomatik sistemin dəqiqliyi 83 faizdir. Alimlər tədqiqatı davam etdirməyi planlaşdırırlar.

 

AZƏRTAC