İnfluenza xəstəliyinə ciddi yanaşmaq lazımdır
Bakı, 14 fevral, AZƏRTAC
Havaların kəskin soyuması ilə əhali arasında yüksək hərarət, halsızlıq və öskürək kimi xəstəlik əlamətləri artıb. Əlamətlər yeni növ koronavirusla (COVID-19) eyni olsa da, hazırda yayılan virusun influenza olduğu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Mehriban Əmirova deyib: “İnfluenza və COVID-i laborator müayinə olmadan bir-birindən ayırmaq qeyri-mümkündür, çünki hər ikisində qızdırma, boğaz ağrısı, burun axıntısı kimi kataral əlamətlər müşahidə edilir. Eyni zamanda, öskürək, bəlğəm, əzələ və sümük ağrısı, halsızlıq kimi çox bənzər əlamətlər var. Xüsusilə risk qrupu xəstələrində – şəkərli diabeti, ürək problemləri, böyrək, qaraciyər xəstəliyi olan, kimyaterapiya alan xəstələrdə influenzanın ağırlaşma riski yüksəkdir”.
Təəssüf ki, yayılan virusa barmaqarası baxanlar və xəstəliyi ciddiyə almayanlar var. Həkimlər isə iddia edirlər ki, xəstəliyin ən ciddi ağırlaşma mərhələsi pnevmoniyadır və daha çox yuxarı tənəffüs yollarında özünü büruzə verir.
“İnfluenza virusunun A və B formaları var. A forması daha kəskin keçir. Virusa yoluxma zamanı uşaqlarda daha çox burun axıntısı olur. Əgər vaxtında və düzgün müalicə aparılmasa, uşaqlarda, eləcə də böyüklərdə qulaqda otitə və ağciyərlərdə pnevmoniyaya səbəb olan ağırlaşmalar baş verir”,- deyə həkim-terapevt Nərgiz Kərimova bildirib.
Tövsiyə olunur ki, virusa yoluxanlar mütləq şəkildə çoxlu maye içsin, meyvə və tərəvəzlərdən bol istifadə etsin. Yağlı qidaları isə rasiondan çıxarmaq məsləhətdir.