İnfluenza virusuna qarşı ən yaxşı profilaktika maska və peyvənddir
Bakı, 30 yanvar, AZƏRTAC
İnfluenza (qrip) infeksiyasına yoluxmadan qorunmaq üçün paytaxt sakinləri arasında maskadan istifadə edənlər var. Bu, kimə görə zərurət, kimə görə məcburiyyətdir. Həkimlər tərəfindən isə bu sadəcə tövsiyə xarakteri daşıyır.
AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Aytən Ziyadova deyib: “Qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi daha düzgündür. İnfeksiya hava-damcı yolu ilə ötürüldüyündən tibbi maskalar taxılması tövsiyə olunur. Şəkərli diabet, ürək-damar, bronxial astma və xroniki xəstəlikləri olanların, pnevmoniya keçirənlərin maskadan istifadə etməsi xüsusilə vacibdir”.
Qeyd etmək lazımdır ki, Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət-tibb müəssisələrində Hollandiya istehsalı olan influenzaya qarşı peyvənd vurulur. Peyvəndləmə prosesi tamamilə ödənişsizdir və dövlət hesabına həyata keçirilir.
Peyvəndlənmə sürətlə yayılan virusun qarşısının alınmasına hesablanıb. Peyvənd vurduranlar yoluxma zamanı xəstəliyi daha yüngül keçirirlər.