İlk Milli Səhiyyə Forumunda ən son tibbi yeniliklər müzakirə olunub

Azərbaycan Tibb Universiteti (ATU), Milli Onkologiya Mərkəzinin dəstəyi və PROAKTİV şirkətinin təşkilatçılığı ilə ölkəmizdə ilk Milli Səhiyyə Forumu təşkil olunub.

Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, forumu giriş sözü ilə açan PROAKTİV şirkətinin direktoru Şahanə Sarı bildirib ki, layihənin məqsədi həkim, tələbə və rezidentlərin iştirakı ilə tibb sahəsindəki ən son yeniliklərin müzakirə olunması üçün yeni müstəvi yaratmaqdan ibarətdir.

Milli Səhiyyə Forumunda ATU-nun II mama –ginekologiya kafedrasının assistenti Şəymən Qədimova “Hamiləlik zamanı dərman preparatlarının istifadəsi”, biokimya kafedrasının professoru Tahirə Əsgərova “İrsi xəstəliklər və onların profilaktikası”, psixatriya kafedrasının professoru Zəfər Əliyev “Müasir gəncliyi gözləyən təhlükələr”, yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Araz Kazımov “Sızanaq xəstəliyi: yanlış gerçəklər və müalicədə ən son yanaşmalar”, Milli Onkologiya Mərkəzi Nüvə Təbabəti şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov “Azərbaycan səhiyyəsində yeni innovasiyalar: nüvə təbabəti”, Milli Onkologiya Mərkəzinin qadın sağlamlığı şöbəsinin həkimi Turan Nadirov “Uşaqlıq boynunun şişönü xəstəlikləri: displaziyalar”, Milli Onkologiya Mərkəzinin şüa terapiya şöbəsinin həkimi Nigar Əliyeva “Bədxassəli şişlərin şüa müalicəsinin müasir vəziyyəti”, Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsinin həkimi Nərmin Talıbova “Bədxassəli şişlərin dərman müalicəsinin inkişaf tarixi və müasir vəziyyəti”, “SƏLİS” Loqopedik və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva “Logonevrozun müalicəsində Abeleton aparatının rolu”, “Sağlam Ailə” Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmova “Laborator diaqnostikada yeniliklər və keyfiyyətə nəzarət” mövzularında çıxış ediblər.

 

AZƏRTAC