İlk Milli Pediatrik Portal – Pediatriya.az 8 yaşında! Təsisçi Nərmin Əzizovadan müraciət və video təqdimat
Hörmətli izləyicilərimiz, əziz valideynlər və uşaq sağlamlığının qayğısına qalan cəmiyyət üzvləri,
Bu gün bizim üçün xüsusi gündür — Pediatriya.az portalı fəaliyyətinin 8-ci ilini qeyd edir. Uşaqların sağlamlığına dair doğru, dəqiq və elmi əsaslı məlumatların ölkəmizdə ilk dəfə sistemli şəkildə paylaşılması məqsədi ilə qurulan portal bu illər ərzində minlərlə valideynin güvəndiyi, faydalandığı və hər gün müraciət etdiyi aparıcı pediatrik informasiya platformasına çevrilib.
Bu münasibətlə hər birinizi salamlayır, göstərdiyiniz etimad və dəstəyə görə səmimi təşəkkürümü bildirirəm. Bu yolda uşaqların gülüşü, valideynlərin rahatlığı və maarifləndirici fəaliyyətimizin əsl dəyəri bizi hər zaman daha irəliyə apara bilmişdir. Hər bir paylaşım, hər bir məqalə və hər bir məlumat bir uşağın sağlamlığına töhfə vermək üçün atılmış kiçik, lakin çox dəyərli addım olub.
Bu gün – 20 noyabr Dünya Uşaq Günü ilə üst-üstə düşən ad günümüz bizim üçün ikiqat əhəmiyyət daşıyır. Çünki uşaqların sağlamlığı, təhlükəsizliyi və rifahı yalnız bizim işimiz deyil, həm də həyat missiyamızdır.
Gələcək fəaliyyətlərimizdə uşaqların sağlamlığı ilə bağlı maarifləndirməni daha geniş auditoriyaya çatdırmağı, pediatrik sahədə mütəxəssis əməkdaşlığını gücləndirməyi, valideynlərin suallarına daha operativ və strukturlaşdırılmış cavab mexanizmləri yaratmağı, həmçinin ilk milli pediatrik portal olaraq innovativ rəqəmsal layihələrlə fəaliyyətimizi daha da inkişaf etdirməyi qarşıya məqsəd qoyuruq.
Sizin etimadınız və dəstəyiniz olmasaydı, bu yol bu qədər mənalı və dəyərli olmazdı. Biz sizinlə böyüdük, sizinlə inkişaf etdik və sizinlə birlikdə gələcəyə doğru addımlayırıq.
Hörmətlə,
Nərmin Əzizova
Pediatriya.az portalının təsisçisi