İlin yekununa görə ən yaxşı təcili yardım həkimləri mükafatlandırılıblar

Bu il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693,6 mindən artıq ümumi müraciət daxil olub və bu, keçən illə müqayisədə 12 min müraciət çoxdur. Müraciət edənlərdən 63,3 min nəfərdən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlarla əlaqədar 82 min çağırış daxil olub və onlardan12,5 min nəfəri stasionar müalicəyə cəlb edilib.

İl ərzində ürək-qan damar xəstəlikləri ilə əlaqədar 150,3 min müraciət daxil olub. Bu, ötənilki göstəricidən xeyli azdır. İnsultla əlaqədar isə il ərzində 3,7 mindən çox müraciət olunub. Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Əsəb sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığına görə həmin xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək üçün nevrologiya üzrə ixtisasartırma kurslarında iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev ilin yekununa həsr olunan tədbirdə məlumat verib. Onun dediyinə görə, il ərzində reanimasiya tədbirləri nəticəsində 2 mindən artıq xəstə kritik vəziyyətlərdən çıxarılaraq xilas edilib. Həmin müddət ərzində stansiyanın bölmələrinə 31,5 min birbaşa müraciət daxil olub və onlardan 25,9 mini-stasionar şəraitdə müalicəyə cəlb edilib.

Qeyd olunub ki, statistik rəqəmlərə əsasən 2017-ci il ərzində nəqliyyat hadisələri nəticəsində 2,4 minə yaxın zərərçəkəndən müraciət daxil olub və onlardan 2 min nəfərdən çoxu xəstəxanalara yerləşdirilib. Səhiyyə Nazirliyi stansiyanı yeni sanitar avtomobilləri və tibbi avadanlıqlarla təmin edib. Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilib və kameralar quraşdırılıb, bölmələrin işinə nəzarət gücləndirilib. Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə stansiya rəqəmsal və analoji rentgen aparatları ilə təmin olunub. Ağır yataq xəstələrinin rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, portativ rentgen aparatı ilə evdə rentgen müayinəsi aparılır.

Baş həkim məlumat verib ki, pediatrik reanimasiya briqadalarının da işi təkmilləşdirilib. Səhiyyə Nazirliyinin ayırdığı yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb. Təcili tibbi yardıma ehtiyacı olan yaşayış yeri məlum olmayan 335 nəfərə ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçirilib, təmiz geyimlə təmin ediləndən sonra müalicə olunmaq üçün xəstəxanalara yerləşdirilib.

Hesabatdan sonra Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üzrə “İlin ən yaxşı bölməsi”, “İlin ən yaxşı həkimi”, “İlin nümunəvi tibb işçisi”, “İlin ən yaxşı tibb bacısı” nominasiyaları üzrə tibbi personal və bölmələr fəxri diplomlarla təltif edilib və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

AZƏRTAC