İlin əvvəlindən 32 nəfər dəm qazından, 11 nəfər içkidən zəhərlənib

İlin əvvəlindən bu günə qədər 32 nəfər dəm qazı zəhərlənməsi ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə AzVision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

Şöbə müdiri qeyd edib ki, yanvar ayında 24 nəfər, fevral ayında isə 8 nəfər dəm qazı zəhərlənməsi ilə onlara müraciət edib.

“Dərmanların qəbulundan sonra yaranmış allergik reaksiyalara görə 9 nəfər, sirkə turşusundan zəhərlənmə ilə bağlı 2 nəfər müraciət edib. Dəm qazı zəhərlənməsindən 4 nəfərin, sirkə turşusu ilə zəhərlənmədən 1 nəfərin vəziyyəti ağır olsa da, onlar müalicə olunduqdan sonra evə buraxılıblar. Dəm qazı zəhərlənməsi ilə müraciət edənlərin 22 nəfəri qadın olub”.

A.Maqsudov bildirib ki, 2018-ci ilin əvvəlindən bu günə qədər 11 nəfər sərxoş vəziyyətdə Toksikologiya şöbəsinə gəlib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciətlər əsasən Bakı və Bakı ətrafı kəndlərdən olub.

Aytən Zəhra
AzVision.az