Hər il dünyada təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur
Bakı, 17 noyabr, AZƏRTAC
Mərkəzi Klinikada 17 noyabr – Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü münasibətilə Azərbaycan neonatoloqlarının elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda vaxtından əvvəl doğulan körpələrin sağlamlığının daha etibarlı qorunmasına dair müzakirələr aparılıb.
Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş direktoru Həsən Qəndilov bildirib ki, hər il dünyada təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Onlardan bir milyonu elə ilk günlərdə həyatını itirir, bəzilərində isə fiziki və nevroloji qüsurlar qeydə alınır. Statistikaya görə, dünyada uşaq ölümü hallarının təxminən yarısı vaxtından əvvəl doğulanların payına düşür. Bu qəbildən olan körpələrin, ümumiyyətlə, ana və uşaqların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Baş direktor ölkəmizdə səhiyyə sisteminin inkişafı, xüsusən perinatal mərkəzlərin, uşaq klinikalarının tikilməsi, bu sahə üzrə yüksəkixtisaslı həkim kadrlarının hazırlanması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, son illər bu körpələrə yardım göstərilməsi və onların saxlanılması ilə bağlı bir sıra nailiyyətlər əldə olunub.
Digər çıxış edənlər də həmin qəbildən olan körpələrə göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və onların sağlamlıqlarının mühafizəsi sahəsində atılan addımlardan danışıb, tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar.
Qeyd edək ki, Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü 2009-cu ildə təsis olunub. Azərbaycanda bu gün üç ildir qeyd edilir.