İkinci Uroginekoloji və Reproduktiv Təbabətin Problemləri üzrə elmi praktik konfrans keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Organization of Medical Projects” (OMP) şirkətinin birgə əməkdaşlığı ilə ikinci Uroginekoloji və Reproduktiv Təbabətin Problemləri adlı elmi praktik tibbi konfrans təşkil olunub.

AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, konfransda ginekoloq, cərrah, radioloq və digər həkim-mütəxəssislər iştirak edib.

Türkiyə Uroginekoloji və Pelvik Rekonstruktiv Cərrahiyyə Dərnəyinin, eləcə də İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi uroloji, ginekoloji və reproduktiv təbabətin aktual problemlərini müzakirə etmək, cərrahi əməliyyatların yeni nailiyyətlərini diqqətə çatdırmaq, əldə olunan müvəffəqiyyətləri və risk faktorlarını bölüşmək idi.

Konfransda sağlam gələcək nəslin yetişməsində və formalaşmasında reproduktiv sağlamlığın əhəmiyyəti, ginekoloji və uroloji vəziyyətləri vaxtında aşkarlamaqla yarana biləcək ağırlaşmaların qarşısını almağa yönələn tibbi nailiyyətlərin rolu xüsusi vurğulanıb.

Səmərəli fikir mübadiləsi əsasında aparılan konfrans müddətində video təqdimatlar nümayiş olunub və professorlarla canlı bağlantılar qurulub.