İki yaşına qədər uşaqların uzun müddət telefona baxması onlarda nitq inkişafını əngəlləyir - Pediatr

Mobil telefonlar müasir həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Danılmaz faktdır ki, indi bir çox valideynlər smartfonların zərəri haqda məlumatlı olsalar belə, yenə də öz uşaqlarının əllərinə oyun oynamaq və yaxud “başını qatmaq” üçün mobil telefonlar verirlər.
Bu barədə Aztibb.az-a Nərimanov Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri, pediatr Aynurə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, aparılan təcrübələrə görə iki yaşına qədər uşaqların uzun müddət telefona baxması onlarda nitq inkişafını əngəlləyir. Telefondan həddindən artıq istifadə etmək diqqət əksikliyi, hiperaktiv pozğunluq, davranış pozğunluqları, ruhsal və sosial problemlər, gözlərdə zəiflik, baş ağrıları və hətta beyin şişi kimi ağır xəstəliyə gətirib çıxara bilir.
Aynurə Hüseynova qeyd edib ki, bu səbəbdən uşaqlar gün ərzində telefonla iki saatdan artıq məşğul olmamalıdır. Körpələr isə ümumiyyətlə telefondan uzaq tutulmalı və telefon sönülü olduğu halda belə uşağın yatağının yanında olmamalıdır. Çünki telefon söndürüldükdən sonra da ətrafa radioaktiv təsir edə bilir.