İki-üç aylıq körpənin inkişafına kömək etmək üsulları
Bakı, 4 oktyabr, AZƏRTAC
Hər bir valideyn, xüsusilə analar körpənin tez inkişaf etməsini, ətrafda baş verənlərə tez reaksiya verməsini arzulayır. Ancaq bunu hansı üsullarla etmək olar?
“Caspian International Hospital”ın həkim-pediatrı Günay Rəsulova AZƏRTAC-a müsahibəsində bununla bağlı bir sıra sadə üsulların mövcud olduğunu qeyd edir. O, iki aylıq körpənin inkişafına kömək etmək üçün gənc analara bir sıra üsullar təklif edib: “Körpəni qarnı üstünə qoyub qabağında oturaraq oyuncaq sallandırın və o, başını daha uzun müddət yuxarıda tutacaq. Körpənin əlinə müxtəlif maddələrdən düzəldilmiş cisimlər, məsələn, kağız, jelatin, məxmər, ipək, neylon və s. toxundurmaqla da buna nail olmaq mümkündür. Müxtəlif səslər çıxararaq danışmaq və bununla da təkhecalı səs çıxarmasına, yəni, danışmağa cəhd etməsinə həvəsləndirmək də bu sahədə inkişafa kömək üsullarından biri sayılır. Rəngli cisimləri o tərəf bu tərəfə aparmaqla və ya barmaqlarını oyan bu yana gəzdirməklə onun diqqətini özünə cəlb etmək olar”.
Həkim-pediatr üç aylıq uşağın inkişafına nail olmaq barədə də məsləhətlərini verib: “Körpəni qarnının üstündə daha uzun müddət uzatmaq olar. Onun həmin formada uzanması qol və çiyin əzələlərinin güclənməsini təmin edir və başını daha uzun müddət dik tutmağa çalışacaq. Bundan başqa, dairəvi naxışlar körpənin diqqətini daha çox özünə cəlb edir. Ona görə də insan üzü onun diqqətini çox çəkir. Əlinə müxtəlif maddələrdən düzəldilmiş cisimlər toxundurmaqla onun diqqətini özünə cəlb etmək və əlinə zınqırov verərək əylənməsini təmin etmək olar. Uşağın musiqili səslərdən xoşu gəldiyinə görə tez-tez mahnı oxumaq lazımdır. Müxtəlif səslər çıxararaq danışmaq da həmin dövrdə olan uşağın təkhecalı səs çıxarmasını sürətləndirir. Üçaylıq uşağın inkişafını sürətləndirmək üçün də rəngli cisim və barmaq hərəkətindən istifadə etmək olar”.