İki aylıq körpə üzərində uğurlu əməliyyat aparılıb

Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahı Natiq Mirzəyev çəkisi 2,5 kiloqram olan körpə üzərində uğurlu əməliyyat aparıb.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, körpə 7 aylıq doğulub və doğulandan sonrakı iki ayda təkrarlanan pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Valideynlər müalicə ilə keçməyən ciddi təngnəfəslik və ürək çatışmazlığı ilə Bakı Ürək Mərkəzinə müraciət edəndən sonra körpə dərhal əməliyyata götürülüb. Uğurla keçən əməliyyatdan sonra xəstənin vəziyyəti normaldır.

Qeyd edək ki, Bakı Ürək Mərkəzində son iki həftədə çəkisi 4 kiloqramdan az olan yenidoğulmuş və çəkisi normadan az olan üç körpə üzərində uğurlu ürək əməliyyatları aparılıb.

AZƏRTAC