İİV və QİÇS diaqnozu ölüm hökmü deyil...

Bakı, 26 mart, AZƏRTAC

Martın 26-da Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlimə start verib. Təlimin ilk günündə media nümayəndələri ilə yanaşı, tələbələr də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təlimdə çıxış edən RQMM-in media-treneri Ceyhun Nəcəfov tədbirin cəmiyyətin media vasitəsilə xəstəlik barəsində məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaq məqsədi daşıdığını deyib.

Sonra mərkəzin ambulator yardım şöbəsinin müdiri Günəş Cəfərova “İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat: epidemiologiya və diaqnostikası” mövzusunda təqdimatla çıxış edib. Virusa yoluxma halları, qorunma və müalicə üsulları haqqında məlumat verən şöbə müdiri bildirib ki, xəstəliyə və virusa qarşı vaksin və tam müalicə mövcud deyil. Lakin vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bilər. Özünü elə də büruzə verməyən xəstəliyin gizli mərhələsi bəzən 10 ilə qədər davam edə bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində infeksiyaya yoluxanların üçdəbiri, bəzən isə 50 faizi bundan xəbərsizdir. Virusun ötürülmə səbəbləri arasında qanköçürmə 92,5 faizlə birincidir. Bundan başqa, virus cinsi, parenteral, o cümlədən anadan uşağa şaquli yolla da ötürülə bilir.

“Azərbaycanda 1987-2018-ci illər ərzində 7408 nəfər İİV-lə əlaqədar qeydiyyata alınıb. Onlardan 6538 nəfəri, yəni 97 faizi Azərbaycan vətəndaşıdır. Xəstələrdən 969 nəfəri vəfat edib. Bu il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 6193 nəfər İİV-lə yaşayan xəstə var. Onlardan 71 faizi kişilər, qalanı qadınlardır. İİV infeksiyası 25-49 yaşarası olanlarda üstünlük təşkil edir – 80,7 faiz. QİÇS mərhələsində olanların sayı isə 25 faizə bərabərdir. Xəstələrin 2 faizini 17 yaşadək uşaqlar təşkil edir. İİV-ə yoluxma hallarında üstünlük 43,6 faizlə infeksion narkoistifadəçilərin payına düşür”, – deyə G.Cəfərova öz çıxışında məlumat verib.

Şöbə müdiri bildirib ki, virus və xəstəliyin etiotrop müalicəsi antiretrovirus terapiya adlanır və ömürlükdür. Azərbaycanda bu müalicə üsulu 2006-cı ildən etibarən tətbiq olunur.

Daha sonra infeksiya və xəstəliyə aid videoçarx nümayiş olunub.

Mərkəzin media-treneri Ceyhun Nəcəfov “Kütləvi informasiya vasitələrinin İİV/QİÇS-lə bağlı stiqma və diskriminasiya ilə mübarizədə rolu” mövzusunda çıxış edərək virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdimedilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları və xəstəliklə mübarizədə qalibgəlmə yolları haqqında məlumat verib. O, həmçinin hər iki terminin mənası, yaranma tarixi, səbəb və fəsadları barəsində danışıb.

“Cəmiyyətdə İİV və QİÇS-dən əziyyət çəkənlərə qarşı stiqma və diskriminasiyanın artması və ya azalması kütləvi informasiya vasitələrinin yaydığı məlumat və xəbərlərdən asılıdır. Bunu bilmək lazımdır ki, İİV və QİÇS diaqnozu ölüm hökmü deyil. Həmin virus və xəstəlikdən əziyyət çəkənlər digərləri kimi sağlam və işgüzar həyat tərzi keçirirlər. Belə xəstələrə qarşı stiqma və diskriminasiyaya iş yerlərində, kütləvi informasiya vasitələrində, səhiyyə və hüquq-mühafizə müəssisələrində rast gəlinir. Bütün bunlar həmin xəstələrin cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Damğalama və ayrı-seçkiliyin, o cümlədən xəstəliyə yoluxma hallarının qarşısını almaq üçün maarifləndirmənin böyük əhəmiyyəti var. Burada kütləvi informasiya vasitələrinin də üzərinə məsuliyyət düşür. Belə ki, media qurumları İİV/QİÇS xəstələrinə qarşı tolerant münasibətin formalaşmasında mühüm rol oynayır”, – deyə media-trener qeyd edib.

Təlimdə mövzular ətrafında müzakirələr aparılıb, virus və xəstəliklə bağlı maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, təlimə martın 27-də yekun vurulacaq.