İctimai Səhiyyə və İslahatlar Mərkəzi hərbi hissələrdə maarifləndirici görüşlər keçirib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə maarifləndirici görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyinin Bərdə və digər ətraf rayonların ərazilərində yerləşən hərbi hissələrində zabit, gizir, çavuş və əsgərlər, eləcə də tibbi xidmət əməkdaşları arasında təbliğat xarakterli beş görüş keçirilib. Görüşlərin əsas məqsədi gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi idi. İSİM-in mütəxəssisləri Səbuhi Abdullayev və Tofiq Musayev hərbi hissələrdə çıxış edərək, iştirakçılara bu mövzularla bağlı ətraflı məlumat veriblər.
Hərbi xidmətdə olan gənclərlə interaktiv şəraitdə keçən görüşlərdə sağlam həyat tərzi ilə bağlı faydalı tövsiyələr verilib, İSİM tərəfindən hazırlanan müxtəlif maarifləndirici materiallar paylanılıb.