İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və İSİM-in direktoru Qəhrəman Haqverdiyev imzalayıblar.
Agentliyin İdarə Heyətinin sədri bildirib ki, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir: “Memorandumda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə uğurlu nəticə əldə etmək məqsədilə Agentlik ilə İSİM arasında təcrübə və məlumatları paylaşmaq, gələcək əməkdaşlıq üçün potensial sahələri müəyyənləşdirmək, tədbir və ya digər spesifik fəaliyyətləri birgə təşkil etmək planlaşdırılıb”.
İSİM-in direktoru bu əməkdaşlığın ölkədə aparılan səhiyyə islahatlarına və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini vurğulayıb.
Tərəflər arasında imzalanan memorandum 2020-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində istifadə ediləcək tibbi qayda, təlimat və standart əməliyyat prosedurlarının hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə fəaliyyəti nəzərdə tutur. Sənədlərin hazırlanmasında müvafiq sahələr üzrə aidiyyəti mütəxəssislərin iştirakları planlaşdırılıb.