İcbari tibbi sığorta nədir və necə işləyir?

Sual: İcbari tibbi sığorta nədir?

Cavab: İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Sual: Hal-hazırda icbari tibbi sığorta harada həyata keçirilir?

Cavab: Pilot layihə Mingəçevir şəhərində və Yevlax rayonunda həyata keçirilir.

Sual: Həyata keçirilən əsas tibbi xidmətlər hansılardır?

Cavab: İcbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə aşağıdakı tibbi xidmətlər daxildir:

• Təcili və təxirəsalınmaz tibbi yardım;;
• İlkin səhiyyə (ailə həkimi) xidməti;
• Ambulator şəraitdə müayinə və müalicə;
• Stasionar müalicə;
• Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
• Fizioterapevtik xidmətlər;
• Laborator müayinələr;
• Hamiləlik və doğuş xidməti;
• Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
• Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası;
• Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiyalar və s.);
• Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Qeyd: Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Sual: Baza (əsas xidmətlər) zərfinə daxil olmayan tibbi xidmətlər üçün ödəniş tələb olunur?

Cavab: Bəli, icbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə daxil olmayan tibbi xidmətlər üçün tibb müəssisələrinə əlavə ödəniş edilməlidir.

Sual: Baza (əsas xidmətlər) zərfinə hansı dərman vasitələri ilə təminat daxildir?

Cavab: İcbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə müddətlərində istifadə olunacaq dərman vasitələri daxildir.

Sual: İcbari tibbi sığorta haqqı nə qədərdir?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanına əsasən pilot ərazilərdə – Mingəçevir şəhərində və Yevlax rayonunda rəsmi qeydiyyatda olan şəxslər hazırda icbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfindən pulsuz istifadə edə bilərlər. İcbari tibbi sığorta haqlarının toplanılmasına qanunvericiliyə müvafiq dəyişikliklər edildikdən sonra başlanılacaqdır.