Həyəcan və təşviş hissinə nəzarət edə bilməmək nevrotik problemdir

Bakı, 13 iyul, AZƏRTAC

Gündəlik həyatda özünü həddindən artıq həyəcanlı və təşviş içində hiss edənlər olur. Birdən-birə yaranan təşviş onlarda hər an hansısa fəlakətin baş verəcəyi fikrini formalaşdırır, bu isə psixoloji problemlərə səbəb ola bilər. Yersiz həyəcanın gündəlik həyata təsirini azaltmaq üçün mütləq tədbirlər görülməlidir.

AZƏRTAC-ın məlumatına görə, psixoloq Kamilə Kazımova bildirib ki, həyəcan pozuntusu müasir dövrdə ən çox yayılan nevrotik problemlərdən biridir: “Təşviş və həyəcan pozuntusu zamanı ürək sıxılır, bəziləri özünü diskomfort hiss edir, bəziləri isə sinəsində ağır bir şey, sıxıntı olduğunu hiss edir. Nəbz həddindən artıq sürətlənir, baş gicəllənir, ayaq üstə dayanmaq çətinləşir, boğulma hissi yaranır. Heç nədən həyəcanlanmanın baş verməsi, panik atakın olması müşahidə edilir, yaxud hansısa bir iş ərəfəsində həyəcanın artması təşviş pozuntusuna gətirib çıxarır”.

Yüksəklik qorxusu, ictimai fobiya, panik ataklar zamanı həyəcan hissini nəzarətə ala bilməmək təşviş pozuntusu sayılır. Bununla mübarizə aparmağın isə müxtəlif yolları var: “Autotreninqlərdən istifadə, art-terapiyadan – qum, rəsm, musiqi və digər terapiyalardan istifadə etmək olar. Xüsusilə musiqi terapiyası bütün nevrotik problemlərə çox yaxşı kömək edir”.

Həyəcan pozuntusu olanlar özləri həmin problemin fərqində olmurlar. Bu hal onlar üçün adi yorğunluq və halsızlıq kimi görünür. Müalicə zamanı həkimlə birlikdə paralel olaraq psixoloqa da müraciət etmək lazımdır. İlk növbədə həyəcan pozuntusuna səbəb olan travmalar araşdırılmalıdır.