“Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda konfrans

Bu gün patoloji fiziologiya kafedrasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib.

Əvvəlcə dövlət himnimiz səsləndirilib.

Mövzusu “Heydər Əliyev və Azərbaycan gəncliyi” olan konfransı ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov açaraq Azərbaycanın çiçəklənməsi, inkişafı və bütün dünyada tanınmasındaulu öndərin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Bundan sonra nümayiş olunan videoçarxda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumundakı və ölkə başçısı cənab İlham Əliyevin forumun 20 illik yubileyindəki çıxışlarından fraqmentlər göstərilib.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev nəsillərə örnək olan dahi şəxsiyyətin təkrarsız, yorulmaz fəlayyəti barədə tələbələrə ətraflı məlumat verib. Heydər Əliyevin gənclərə tövsiyələrini xüsusi vurğulayan professor S.Əliyev ulu öndərin 1969-cu ildən başlayaraq tələbə qəbulu zamanı yol verilən neqativ halların aradan qaldırılması, şəffaflığın təminatı üçün çox ciddi tədbirlər gördüyünü xatırladıb. Bildirib ki, gənclərimizin Azərbaycanda ehtiyac olan ixtisaslar üzrəkeçmiş SSRİ məkanında yüksək təhsil alaraq peşəkar kadrlar kimi Vətənə qayıtması da ulu öndərin adı ilə bağlıdır: “Həmişə həmin kadrlarla, tələbələrlə görüşlər təşkil edərdi. Onlara tövsiyəsi o olardı ki, heç vaxt Azərbaycanı təmsil etdiklərini unutmasınlar. Təhsillərini başa vurduqdan sonra mütləq Azərbaycana qayıtsınlar. Belə də olurdu. Həmin kadrlar ölkəmizdə çox vacib məsələlərin həllində birbaşa iştirak edirdilər”.

S.Əliyev sonrakı dönəmlərdə də azərbaycançılıq ideologiyasını daim önə çəkən Heydər Əliyevin dilimizin dövlət dili statusu qazanması, milli-mənəvi dəyərlərimizin qorunması, müstəqilliyimizin yenidən bərpası və möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərindən söhbət açıb. Qeyd edib ki, universitetimizin maddi-texniki bazasının möhkəmləndirilməsi və universitet klinikalarının yaradılması da ulu öndərin xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

S.Əliyev həkimlərin əməyini həmişə yüksək qiymətləndirən ulu öndərin daim gənclərimizin yanında olmasını, onları dəstəkləməsini də diqqətə çatdıraraq ölməz əməlləri ilə xalqımızın yaddaşında əbədi yaşayacağını deyib.

Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müşaviri Hüseyn Babayev də çıxış edərək ittifaqın sədri, millət vəkili Şahin İsmayılovun salamını tədbir iştirakçılarına çatdırıb.  Ulu öndər tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışan natiq Azərbaycanda ayrıca Gənclər və İdman Nazirliyi ilə yanaşı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun, Milli Məclisdə xüsusi gənclər və idman komitəsinin də fəaliyyət göstərdiyini, prezident administrasiyasında gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradıldığını vurğulayıb. Bildirib ki, bütün ali təhsil müəssisələrində və kolleclərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları maarifləndirici layihələr, olimpiadalar, idman yarışları, sağlam həyat tərzinin təbliğinə aid seminarlar və təlimlər keçirirlər. Əldə edilən bu nailiyyətləri ölkədə hökm sürən sabitliyin, ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsinin nəticəsi kimi dəyərləndirən H.Babayev gənclərimizi ilk nöbbədə görülən işlərin qədrini bilməyə, ən başlıcası vətənpərvər olmağa çağırıb.

ATU-nun I müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Rauf Vəliyev də öz çıxışında həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Heydər Əliyevin  tibb elmi və tibb təhsili sisteminə verdiyi töhfələrdən bəhs edərək Azərbaycan gənclərinin Heydər Əliyev ideyalarına daim sadiq qalacağını söyləyib.