Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev olub. Həm SSRİ, həm də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə olunub.

Bu fikirlər akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovun məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında danışarkən Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, bəşərilik zirvələrini fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.

Ulu Öndər XX əsrin ikinci yarısından etibarən yalnız ona xas olan bənzərsizlik və təkrarsızlıq, spesifik fenomenlik xüsusiyyətləri ilə həm özü dünya diplomatiyasının ön sıralarına ucalaraq bəşərilik qazandı, həm də Azərbaycanın dünyaya Günəş kimi parlamasının möhkəm təməlini yaratdı.

Ümummilli Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi qədirbilən Azərbaycan xalqını səmimi-qəlbdən məmnun etdi və bu yenilməz xalqın öz dahi liderinə qovuşmasının, onun ətrafında sıx sıralarla birləşməsinin təminatçısına çevrildi. Hələ gələcək möhtəşəm nailiyyətlərin ilk addımları atılan həmin dövrdə Azərbaycanın bütün sahələrində doğma, əməksevər xalqımızda milli dirçəlişə, özünüdərkə inamın, ölkə başçısına olan böyük ehtiramın yaranmasının möhkəm təməlləri qoyuldu.

Ümummilli Lider keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf edir, aradan qaldırırdı. Onun düşünən beyni gecəli-gündüzlü istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni–yeni layihələr hazırlayır və dərhal da onların zəruriliyini hiss edib həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və müasir islahatların tətbiqi, həyata keçirilməsi meydanına çevrilmişdi.

Ulu Öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar Tibbi-biologiya fakültəsi və dekanlığı, Hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdı. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri – cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılıb, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilib. Ulu Öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlayırdı. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi. Yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edildi, onlar üçün hazırlıq kursu dekanlığı təşkil edilərək fəaliyyətə başlamasına münasib şərait yaradıldı. Bir faktı da xatırlatmaq yerinə düşər ki, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi Ulu Öndərin iştirakı ilə keçirildi və bu münasibətlə institutun əməkdaşlarının bir qismi fəxri adlara, dövlət təltiflərinə layiq görüldü. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi Ulu Öndərin səyi nəticəsində mümkün oldu. Azərbaycanın belə görkəmli alimlərinin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması bütövlükdə Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin tanıdılması demək idi.

O dövrün, yəni ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrün tələbə-gənclərindən olduğuma görə onun ölkədə gənclərə göstərdiyi qayğı kimi xoşbəxtliklərindən mənə də pay düşdü və bu qayğının sayəsində mən 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı oldum. O vaxtlar Moskvanın müxtəlif ali tibb təhsili müəssisələrində mənim kimi gənclər çox idi və Ümummilli Liderin gənclər üçün yaratdığı əlverişli şərait hər birimizin həyatının mənasına çevrilmişdi.

Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmamış, əksinə daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, bu sahədəki problemlərin müzakirəsini aparır, onların həlli yollarını peşəkarcasına göstərirdi.

O vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik N.N.Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru idi. O, hər dəfə Heydər Əliyevin SSRİ səhiyyə idarələri başçılarının iştirakı ilə keçirilən toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N.Bloxin, adətən, ünsiyyətdə olduğu adamlar haqqında tərifli sözlər deməkdə bir qədər “xəsislik” edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən xoş sözləri səmimiliklə söyləməkdən çəkinməzdi. Ulu Öndərin çıxışları akademikdə, sözün həqiqi mənasında, böyük təəssürat oyatmışdı. Akademik N.N.Bloxin deyirdi: “Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram”.

Vətəndən uzaqlarda yad bir millətin dünya şöhrətli aliminin həkimlər, alimlər, səhiyyə işçiləri qarşısında vətənimin böyük oğlu Ulu Öndər haqqında ağızdolusu xoş sözlər deməsi məni və mənim kimi azərbaycanlı gəncləri qürurlandırır, fəxarətləndirirdi.

Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru vəzifəsində çalışan akademik N.N.Trapeznikov Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bir neçə dəfə Bakıda olub. Hər dəfə ümummilli lider Heydər Əliyev şəxsən tanıdığı akademik N.N.Trapeznikovu qəbul edərkən Azərbaycan onkoloqlarından akademik Cəmil Əliyevi və məni də həmin görüşlərə dəvət edər, onunla səhiyyənin problemləri, onkologiya elminin müasir səviyyəsi haqqında müzakirələr apararaq, təmkinlə bizim təkliflərimizi dinləyər, bu təkliflərə öz lakonik, məntiqli münasibətini bildirərdi. Ulu öndər Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssisləri ilə də sıx əlaqələr saxlayar, onların diqqətini Azərbaycana cəlb edər, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin inkişafına güclü təkan verilməsinə möhkəm zəmin yaradardı. Ulu Öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi, XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında da özünü daha dolğun şəkildə göstərir. Tarixi dəlillər sübut edir ki, bu ali tibb təhsili ocağı yarandığı gündən həmişə milli kadr qıtlığından əziyyət çəkib. Lakin indi tam əminliklə deyirəm ki, həm mənim həyatımda, həm ölkəmizin tibb kadrlarının, həm də bütövlükdə Azərbaycan Tibb Universiteti kollektivinin həyatında əsaslı rol oynayan Ulu Öndərin sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili sahəsinin, eləcə də Azərbaycan səhiyyəsinin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz məktəblərini yarada biliblər. Tibb elmi və tibb təhsili sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyil. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, demək Heydər Əliyev ideyalarının çiçəklənməsi, xoş bəhrələr verməsi haqqında ağızdolusu danışmağa haqqımız var. İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin tanınmış tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Ümummilli Liderimizin uzaqgörən siyasəti nəticəsində tibb mütəxəssislərimizin xaricə ixrac olunmasının dünya azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaratmasının özü də mənim həyatımda baş verən dəyişikliklərlə sıx vəhdət təşkil edir. Çünki mən də dahi Heydər Əliyevin qayğısı ilə pərvazlanan bu elin, bu millətin, bu vətənin övladlarından, onun zərrələrindən biriyəm.

Müstəqil Azərbaycanın qurucusu və yaradıcısı, təşkilatçısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimai və iqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını qoyduğu uzaqgörən siyasətin, dərin islahatlar strategiyasının nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu Öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb. Ümummilli Lider qlobal proseslər fonunda tam fərqli – xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirib. 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərib.

Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxili və xarici siyasət yeridib, dünyanın güc sahibliyi ilə fərqlənən dövlətlərini Azərbaycanla hesablaşmaq, onun konsepsiyasına hörmətlə yanaşmaq faktı qarşısında qoyub. Yeni dünya sistemində meydan sulamaq cəhdində olan güc mərkəzləri arasında gedən çəkişmələrin pərdəarxası mahiyyətinə müvafiq şəkildə məntiqli xarici siyasət həyata keçirən müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrildi, ölkəmizin regionda icra edilən bütün transmilli layihələrdə iştirakı təmin olundu. Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi daxili siyasət də ümumən bu prinsiplərə əsaslanıb, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilib. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda, demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diqqətini cəlb edib, Avropa məkanında etibarlı tərəfdaş imici qazanıb. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan Ümummilli Lider bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin edib. Böyük rəhbər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulayıb, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış edib. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoyub ki, bu da ölkəmizdə mövcud olan milli ideologiyanın təsir gücünün möhkəmliyinə dəlalət edən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir.

Ümummilli Liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanıb, bu dahi şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf edib. O, müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçirib. 1993-cü ilin iyununda – mürəkkəb bir dövrdə respublika rəhbərliyinə qayıdan böyük rəhbər səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparıb. Sistemə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılıb, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilib, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürüb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilib. Həmin maddədə deyilir: “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”.

1993-2003-cü illərdə yenidən ölkəyə rəhbərlik edən Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər. Bundan başqa, 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə “MEKAKAR” proqramlarına qoşulub. 1998-ci il martın 13-də isə Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə verib. 1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırmaların təşkilində də müsbət dəyişikliklər olub.

Ulu Öndərin tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış təhsil və elm məbədi olan Azərbaycan Tibb Universitetinə diqqət və qayğısını da onun ruhuna böyük ehtiramla xatırlatmaq istərdim. Nəticədə ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan səhiyyə sistemi, o cümlədən Azərbaycan Tibb Universiteti müstəqilliyin ilk illərindən dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 1998-ci il sentyabrın 28-də Ulu Öndərin ATU-nun yeni tədris binasının açılışında şəxsən iştirak etməsi isə bu elm ocağının tarixində ən unudulmaz hadisələrdən biri kimi qalıb. Böyük rəhbər 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 400 yerlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edib. Yeni istifadəyə verilmiş unikal akt zalının tribunasından çıxış edən Heydər Əliyev yeni dövrdə tibb təhsilinin qarşısında duran vəzifələrdən söz açıb. Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alan Ümummilli Liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyətli hərbi-tibb fakültəsi yaradılıb. Həmin illərdə Azərbaycan Tibb Universiteti Qara dəniz hövzəsi ətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində ilk klinika – Stomatoloji klinika təşkil edilib, bununla da universitetin klinikalarının yaradılması ənənəsinin bünövrəsi qoyulub. Bu gün həmin klinika istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanda aparıcı tibb müəssisələri sırasındadır. Tibb Universitetinin stomatoloji kafedraları məhz həmin klinikada yerləşir, orada ən müasir aparat və alətlərdən istifadə edilməklə, müxtəlif əməliyyatlar icra olunur. Əminliklə demək olar ki, maddi-texniki bazasına görə bu klinika MDB məkanında öncül yerlərdən birini tutur.

2003-cü ilin oktyabrında ölkəmiz üçün zamanın çağırışlarına adekvat olan yeni dövr başlanıb, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə qədəm qoyub, iqtisadi strukturun intensiv formalaşması prosesinə start verilib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıb. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması prioritetlik təşkil edən məsələlərdəndir. Bu problemlərin həll edilməsi və həyata keçirilməsi dövlətimizin başçısının qayğısı sayəsində Milli Məclisin Səhiyyə Komitəsinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və eləcə də digər tibb müəssisələrinin birgə fəaliyyətləri ilə yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, sürətli inkişaf hər bir ölkə vətəndaşının, ailənin həyatında özünü qabarıq şəkildə büruzə verir. Beynəlxalq miqyasda da açıq etiraf olunduğu kimi, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütəmadi olaraq artırılıb, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət edilib.

Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin qarşısını alır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illər sosial müdafiə, elm, təhsil, səhiyyə və sair sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi bunun real təsdiqidir. Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısı daim yaxından hiss edilir. Bu siyasətin nəticəsidir ki, son illərdə ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşib, elmi potensialı daha da güclənib və İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində hər kəs yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaqdadır. Bu istiqamətdə aparılan işlərə müvafiq olaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2007-ci ildə ATU-da daha bir möhtəşəm klinikanın – Onkoloji Klinikanın açılışı oldu. Bu da ölkəmizdə onkoloji xidmətin, eləcə də tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi. Prezident İlham Əliyevin 2007-ci il sentyabrın 11-də imzaladığı “Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında” Sərəncamı da dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Universitetin cəmiyyətdəki yerini yüksək dəyərləndirən Azərbaycan Prezidenti hələ 2010-cu il aprelin 28-də “Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdı. Universitetin 80 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2010-cu ilin oktyabr ayında bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılışı oldu. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli Sərəncamı əsasında universitetin Cərrahiyyə Klinikası da inşa edilib və 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılış mərasimi keçirilib. 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin təkcə bu ali təhsil ocağının deyil, bütövlükdə Azərbaycan Respublikasının səhiyyə sisteminin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş diqqət və qayğısının əyani göstəricisidir.

2011-2012-ci tədris ilində ulu öndər Heydər Əliyevin ideyalarının yaşaması və çiçəklənməsi sayəsində Azərbaycan Tibb Universiteti kollektivinin həyatında daha bir yenilik baş verdi – yolunu səbirsizliklə gözlədiyimiz daha bir arzumuz yerinə yetdi. Belə ki, ATU-da diplomdansonrakı hazırlığın rezidentura sisteminə keçidi baş tutdu.

Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının doğma vətənimizin, müstəqil Azərbaycan Respublikasının həyatında yaratdığı uğurlu dəyişikliklər onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir. Ölkəmizdə mərhələli şəkildə həyata keçirilən icbari tibbi sığorta artıq bütün ölkə üzrə tətbiq olunur.

İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana yenidən tikilib və ya əsaslı şəkildə təmir edilib. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Bu dövrdə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin aydın təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması, virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanıb.

Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır. Dövlət başçısı tərəfindən aparılan islahatlar çərçivəsində qanunvericilik işinin tənzimlənməsi və bu işin əlaqələndirilərək icra olunması Milli Məclisin Səhiyyə komitəsinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə fəaliyyətləri ilə yerinə yetirilir.

Anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyət xalqımızın Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açıb. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

 

Əhliman Əmiraslanov,

Milli Məclisin Səhiyyə komitəsinin sədri,

akademik, SSRİ Dövlət mükafatı laureatı