Hepatit A Virusuna Diqqət: Uşaqlar üçün Görünməz Təhlükə. Həkim-mütəxəssis Nərmin Əzizova

Hepatit A virusu nədir və necə yayılır?
Hepatit A virusu qaraciyəri zədələyən, əsasən sarılıqla müşayiət olunan yoluxucu bir infeksiyadır. Virus nəcis-oral yol ilə yayılır və əsas yoluxma mənbələri gigiyenik qaydalara əməl edilməyən mühitlər, çirklənmiş içməli su, kifayət qədər yuyulmamış meyvə-tərəvəzlər və çiy qidalar hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 1.4 milyon insan Hepatit A virusuna yoluxur. Uşaqlar arasında bu infeksiyanın yayılma ehtimalı daha yüksəkdir, çünki onlar gigiyenik qaydalara daim riayət edə bilmirlər.
Hepatit A virusundan necə qorunmaq olar?
Hepatit A infeksiyasından qorunmanın ən effektiv yolu peyvəndləmə və gigiyena qaydalarına ciddi əməl etməkdir. Virus insandan insana asanlıqla keçir, xüsusilə də uşaqlar arasında — çünki onlar tez-tez əllərini, oyuncaqları və qidaları ağızlarına aparırlar. Yoluxma çirkli əllərlə, çiy və ya az bişmiş qidalarla, şəxsi əşyaların paylaşılması və yoluxmuş şəxsin hazırladığı yeməklərlə baş verə bilər. Məktəb və bağça kimi kollektiv yerlərdə gigiyenik şəraitin zəif olması virusun yayılma riskini artırır.
Klinik əlamətlər nə vaxt və necə ortaya çıxır?
Hepatit A virusunun inkubasiya dövrü adətən 2–6 həftədir. Əlamətlər yüngül və qeyri-spesifik ola bilər — xüsusən də uşaqlarda, bu da diaqnostikanı çətinləşdirir. Bəzən valideynlər bu simptomları sadə həzm pozğunluğu ilə səhv salırlar.
Kimlər daha ağır keçirə bilər?
Hepatit A infeksiyası uşaqlarda çox zaman yüngül keçir. Lakin zəif immun sisteminə malik uşaqlarda və böyüklərdə xəstəlik daha ağır gedişata səbəb ola bilər. Nadir hallarda ağır qaraciyər fəsadları inkişaf edə bilər.
Uşaqlarla bağlı vacib məqamlar:
- Hepatit A uşaqlarda yüngül keçsə də, onlar virusu ətrafdakılara ötürə bilərlər.
- Körpələr və məktəbyaşlı uşaqlar üçün Hepatit A peyvəndi effektiv qoruyucu tədbirdir.
- Uşaqlarda tualetdən sonra əllərin yuyulması vərdişi formalaşdırılmalıdır.
- Bağçalarda və məktəblərdə gigiyenik şəraitin təmin olunması virusun yayılmasının qarşısını alır.
Hepatit A-nın əsas simptomları:
- İştahsızlıq, halsızlıq, ürəkbulanma, qarın ağrısı;
- Göz albalılarında və dəridə sarılıq;
- Tünd rəngli sidik və rəngsiz nəcis;
- Bədən temperaturunun yüksəlməsi və qaşınma.
Diaqnoz və müalicə
Şübhəli əlamətlər olduqda həkimə müraciət edilməli və diaqnoz laborator müayinələrlə təsdiqlənməlidir. Hepatit A-nın spesifik antiviral müalicəsi yoxdur. Əsas müalicə tədbirləri simptomatik xarakter daşıyır: istirahət, bol maye qəbulu və balanslaşdırılmış qidalanma. Yoluxmuş uşaqlar təcrid edilməli və onların şəxsi əşyaları ayrılmalıdır.
Profilaktik tədbirlər
- Hepatit A peyvəndi ilə immunizasiya;
- Təhlükəsiz və təmiz içməli sudan istifadə;
- Əllərin tez-tez və düzgün yuyulması;
- Meyvə və tərəvəzlərin yaxşı yuyulması və bişirilməsi;
- Uşaqlara erkən yaşdan gigiyena qaydalarının öyrədilməsi.
Nərmin Əzizova,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı,
Azərbaycan Tibb Universitetinin əməkdaşı