Həkim-pulmonoloq: Bir saat qəlyan istifadəsi beş qutu siqaret çəkməyə bərabərdir
Bakı, 9 mart, AZƏRTAC
Siqaretçəkmə insan ölümünə birbaşa yol aça biləcək səbəblərdən biridir. Dünya statistikasına nəzər salanda görərik ki, hər il 5 milyon insanın həyatını itirməsində əsas amillərdən biri siqaretdir. Gün ərzində bir siqaret çəkmək də asılılıq yarada bilər. Alkoqollu içkilərə aylar, narkotik maddələrə günlər içərisində asılılıq yaranırsa, siqaretdə həmin zaman dilimi saatlara bərabərdir. Buna səbəb insan beynində nikotinin çox tez bir zamanda hormonal pozulmaya səbəb olmasıdır. Siqaret həm psixoloji, həm də fiziki asılılıq yaradır. Səkkiz saat siqaret çəkməyən insanın təkrarən siqaretçəkmə istəyi iki saat çəkməyənə görə 50 faiz aşağıdır. İnsan daha dayanıqlı olarsa, siqaretdən azad ola bilər. Bu gün əvəzedici kimi elektron siqaretlər, nargilə, yəni qəlyanlar gündəmdədir. Elektron siqaret adi siqaretdən heç də fərqlənmir, hər hansı bir üstün cəhəti yoxdur, eyni dərəcədə xəstəliyə və ölümə səbəb olur. Hətta siqaretin yaratmadığı fərqli xəstəliklərə də yol açır. Qəlyan istifadəsi isə daha böyük təhlükədir. Bir saat qəlyan istifadəsi beş qutu siqaret çəkməyə bərabərdir.
AZƏRTAC xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva deyib.
Siqaretin orqanizmdə yaratdığı fəsadlardan danışan mütəxəssis bildirib: “Ağciyər xərçəngi ilə əvvəlki illərdən çox rastlaşırıq. Xəstələrin anamnezini toplayanda görürük ki, onların 90 faizi siqaretçəkənlərdir. Siqaretçəkmə ağciyər xərçəngi ehtimalını 12 dəfədən çox artırır. Siqaretin süd vəzi, uşaqlıq xərçənglərinin yaranmasında rolu var. Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) əsas səbəbi siqaretdir. Həmin xəstəlikdən əziyyət çəkən hər 10 nəfərin 9-da siqaretçəkmə qeydə alınır. On ildən yuxarı müddətdə, gün ərzində bir qutudan artıq siqaret çəkən insan potensial AXOX xəstəsidir.
Siqaret tüstüsünün tərkibində 7 minə qədər maddə var. Onlardan 70-i birbaşa xərçəngyaratma qabiliyyətinə malikdir. Siqaret tüstüsünün tərkibində olan zərərli maddələrə metan, arsen, kadmium, karbon monooksid, ammonyakı nümunə göstərə bilərəm. Karbon monooksid qandakı hemoqlobinlə birləşir. Nəticədə qanda oksigenin miqdarı azalır, ürəyin işi artır. Bu da damarlarda təzyiq artımına səbəb olur. Sonda isə miokard infarktı ilə nəticələnir. Miokard infarktı riski siqaret çəkənlərdə çəkməyənlərə nisbətən dörd dəfə yüksəkdir.
Səkkiz saat siqaret çəkməyəndə qanda karbon monooksidin səviyyəsi tam azalır. Nəticədə infarkt olma riski dörd dəfə enir. Bir həftə çəkməyəndə qan dövranı tam bərpa olur. Ağciyərlərə kifayət qədər qan gəlir, oksigenasiya prosesi gedir və digər orqanlara kifayət qədər oksigen çatır. Bir neçə ay siqaret çəkməyəndə isə siqaret istəyi 10 dəfə azalır. Beş il siqaret çəkməyənlər isə ağciyər xərçəngi riskindən 50 faiz halda yan keçirlər”.