Həkim-pediatr: Çaytikanı yağından burun damcısı kimi istifadə iltihabın qarşısını alır
Bakı, 23 sentyabr, AZƏRTAC
Çaytikanı yağından burun tutulmasını aradan qaldırmaq üçün faydalıdır. Çaytikanı yağına allergiyası olmayan iki yaşa qədər körpələrin burnuna yağı qulaq çöpü ilə, yaşı 2-dən yuxarı olanlara isə pipet ilə damcılatmaq olar. Çaytikanı yağı bakteriyalara qarşı öldürücüdür, yara sağaldıcıdır. Sadəcə valideynlər diqqət etməlidirlər ki, iki yaşa qədər uşaqların burnuna yağı damcı şəklində tökmək olmaz. Belə olan halda, yağ nəfəs yoluna gedə bilər. Ona görə də, qulaq çöpünü yağa batırıb selikli qişanı yağlamaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.
Həkim-mütəxəssis qeyd edib ki, çaytikanı yağı daha çox uzun müddət damardaraldıcı və hormonal spreylər istifadə edənlər üçün təyin edilir: “Həmin məhlullar selikli qişanı atrofiyalaşdırır. Tərkibi mometazon olan məhlullardan istifadə zamanı da ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə hormonal spreyləri yalnız allergik rinitin kəskinləşməsi dövründə istifadə etmək olar. Burunda qaşıntı, sulanma və asqırma olduqda bu məhlullar on gün müddətə təyin edilir. Uzun müddət istifadə selikli qişanın nazikləşməsinə, atrofik rinitin yaranmasına gətirib çıxarır”.
A.İsmayılzadənin dediyinə görə, çaytikanı yağı iltihablı burun axıntısının qarşısını almaq üçün də faydalıdır: “Ümumilikdə 10 gün olmaqla sutka ərzində üç dəfə burunun hər dəliyinə 1-2 damcı tökmək lazımdır. Çaytikanı yağı, həmçinin mütəmadi burun qanamasından əziyyət çəkənlər üçün də məsləhətdir. Hətta allergik riniti olan uşaqlar üçün 1 ay müddətində hər axşam istifadə edilə bilər. Çay tikanı yağından istifadə nəticəsində, selikli qişaya düşən allergenlər yağa yapışır və selikli qişa allergik iltihab törədə bilmir. Ən azından uşaq səhərlər asqırmaqdan və burnunun tutulmasından şikayət etmir. Bundan başqa, müxtəlif efir yağları da burun tutulması baş verdikdə nəfəsalmanı rahatlada bilər. Misal üçün, inqalyasiya zamanı bir damcı evkalipt yağının əlavə edilməsi faydalıdır. Lakin istənilən halda, müxtəlif yağlardan istifadə üçün mütəxəssislə məsləhətləşmək lazımdır”.