Həkim: Öskürəkkəsici dərman kimi uşaqlara sirop vermək məsləhət deyil
Bakı, 17 fevral, AZƏRTAC
Övladlarının sağlamlığını düşünən valideynlər adi boğaz qıcıqlanması zamanı apteklərə üz tutur, öskürək əleyhinə olan müxtəlif dərmanlar və ya siroplar alır, qıcıqlanmanın qarşısını almaq üçün onu uşaqlara içirdirlər.
AZƏRTAC xəbər verir ki, bununla bağlı həkim-infeksionist Aytən Ziyadova deyib: “Bəzən valideynlər qonşudan, qohumdan və ya kimdənsə eşitdiyi dərmanı almaq üçün apteklərdən öskürəkkəsici siroplar alırlar. Bu, qəti surətdə yolverilməzdir. Öskürək siropları alanlar ondan heç bir fayda görmürlər. Xüsusilə qeyd etmək lazımdır ki, 2 yaşınadək uşaqlara qəti surətdə öskürəkkəsici dərmanlar verilməməlidir. Bunun səbəbi onların müdafiə mexanizmlərinin zəif olması və bəlğəmgətirmə nəticəsində körpələrin həyatı üçün təhlükə yaratmasıdır”.