Həkim-neonatoloq: Süni intellekt tibbi maarifləndirmədə yeni imkanlar yaradır

Baxış
15037

Son dövrlərdə süni intellekt texnologiyalarının səhiyyə sahəsində tətbiqi sürətlə genişlənir və bu proses uşaq sağlamlığı sahəsində də özünü göstərir. Müxtəlif süni intellekt əsaslı tətbiqlər və rəqəmsal platformalar vasitəsilə valideynlər uşaqlarda müşahidə olunan simptomlar, qidalanma rejimi, inkişaf mərhələləri və mümkün sağlamlıq problemləri barədə daha sürətli və əlçatan məlumat əldə edə bilirlər. Pediatriya.az portalında keçirilən sorğular da göstərir ki, valideynlərin əhəmiyyətli bir hissəsi uşaqların sağlamlığı ilə bağlı ilkin məlumat almaq üçün süni intellekt əsaslı tətbiqlərdən istifadə edir.

Pediatriya.az portalına açıqlamasında K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim-neonatoloq Nərmin Əzizova bildirib ki, süni intellekt texnologiyaları valideynlərin tibbi məlumatlılığının artmasına və uşaqların sağlamlığına daha diqqətli yanaşmasına müsbət təsir göstərir.

Onun sözlərinə görə, bu cür texnologiyalar valideynlərə ilkin tibbi məlumat almaq, uşaqlarda müşahidə olunan əlamətləri daha düzgün qiymətləndirmək və lazım gəldikdə vaxtında həkimə müraciət etmək baxımından köməkçi vasitə rolunu oynaya bilər.

“Hər bir valideyn övladının sağlamlığı ilə bağlı narahatlıq keçirdikdə ilk növbədə məlumat əldə etməyə çalışır. Süni intellekt texnologiyaları bu məlumatların daha sistemli və operativ şəkildə təqdim olunmasına imkan yaradır. Bu isə bir çox hallarda valideynlərin vaxtında tibbi məsləhət almaq qərarını sürətləndirə bilir”, – deyə həkim-neonatoloq qeyd edib.

Nərmin Əzizova bildirib ki, süni intellekt texnologiyaları tibbi maarifləndirmənin geniş auditoriyaya çatdırılmasında da mühüm rol oynayır. Onun sözlərinə görə, bu platformalar vasitəsilə uşaqların qidalanması, inkişaf mərhələləri, peyvəndlənmə və profilaktik tibbi müayinələrin əhəmiyyəti barədə məlumatlar daha əlçatan olur.

Mütəxəssis əlavə edib ki, rəqəmsal texnologiyalar və süni intellekt səhiyyə sisteminin inkişafında mühüm imkanlar yaratsa da, bu vasitələr tibbi qərarların verilməsində həkim müayinəsini əvəz etmir və əsas məqsəd valideynlərin düzgün istiqamətləndirilməsidir. “Süni intellekt tibbi maarifləndirmə və məlumatlandırma baxımından çox faydalı vasitədir. Əsas məsələ ondan düzgün istifadə etmək və əldə olunan məlumatları peşəkar tibbi məsləhətlə birlikdə qiymətləndirməkdir. Yanlış istifadədirsə, yanlış istifadə etməkdənsə, istifadə etməmək daha məqsədəuyğundur”, – deyə Nərmin Əzizova vurğulayıb.

Həkim-neonatoloqun sözlərinə görə, xüsusilə uşaq sağlamlığı ilə bağlı məsələlərdə valideynlərin etibarlı tibbi mənbələrə istinad etməsi və zəruri hallarda mütləq həkim məsləhəti alması vacibdir. Onun fikrincə, rəqəmsal texnologiyalar bu prosesdə maarifləndirici və köməkçi vasitə kimi mühüm rol oynaya bilər.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin