“Həkim məsləhəti” - Hər gün müxtəlif zülallarla qidalanmaq vacibdir

Baxış
32

Bədən kütləsini sabit saxlamaq üçün sağlam, düzgün qidalanma şərtdir.

Azmedinfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, qastroenteroloq-hepatoloq Turan Kərimova Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda səsləndirib.

Onun sözlərinə görə, burada qida rasionunun çox böyük rolu var: “Bədən çəkisinin sabitliyi üçün maddələr mübadiləsinin normal olması şərtdir. Çəkinin azalması üçün maddələr mübadiləsinin sürətlənməsi vacibdir. Bu zaman qəbul olunan qidada zülalların, karbohidratların, yağların düzgün balansını təşkil etmək zəruridir. Məsələn, qidanın hansı hissəsini ət, tərəvəz, karbohidratlar (dənli bitkilər, kartof, un məmulatları və s.) təşkil edilməsinə diqqət yetirmək lazımdır. Bunu da qeyd etmək vacibdir ki, çəkinin sabit saxlanılması üçün təkcə porsiya yox, qidanın hansı qaydada, necə bişirilməsi, hansı ədviyyatların əlavə olunması, yeməyə əlavə olunan tərkibin nə qədər bişirilməsi çox əhəmiyyətlidir. Belə ki, hər bir qidanın bişmə temperaturu və müddəti var. Buna riayət olunan zaman onun tərkibi demək olar ki, dəyişmir, yəni tərkibindəki vitaminlər, minerallar, amin turşular və s. parçalanmır, orqanizm ondan istifadə edə bilir”.

Daha sonra hamiləlik dövrü qidalanmadan söhbət açan Turan Kərimova “Qadınların həyatındakı hamiləlik dövrü olduqca mürəkkəbdir. Bu zaman dölün inkişafına və ananın orqanizminə zərər verə biləcək bütün qidalardan uzaq durmaq lazımdır” – deyə diqqətə çatdırıb.

Hamiləlik dövründəki rasionda aşağıdakı vitamin və mineralların daxil olması vacibdir. Kalsium körpənizin dişləri və sümüklərinin formalaşması üçün vacibdir. Qatıq, süd, pendir və tünd yaşıl yarpaqlı tərəvəzlər bu baxımdan əla mənbələr hesab edilir. Dəmir qırmızı qan hüceyrələrinin böyüməkdə olan körpənizi oksigenlə təmin etməsinə kömək edir. O, yağsız qırmızı ət, quş əti, noxud və lobyanın tərkibində mövcuddur. Yod mənbələrinə süd məhsulları, dəniz məhsulları, ət və yumurta daxildir. Xolin dölünüzün beyin və onurğa sütununun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və süd, yumurta, fıstıq və soya məhsulları bu baxımdan yaxşı seçimdir. Qidalanma zamanı taxıl porsiyanızın yarısını bütöv taxıldan ibarət edin. Bütöv taxıl dedikdə, emal olunmamış bütöv taxıl ləpələri nəzərdə tutulur. Bəzi nümunələrə yulaf, arpa, kinoa, qəhvəyi düyü və bulqur aiddir”.

T.Kərimova sonda qeyd edib ki, hər gün müxtəlif zülallarla qidalanmaq vacibdir: “Ət, quş əti, lobya, noxud, yumurta, qoz-fındıq və toxumlar zülalla zəngin qidalara misaldır. Yağ qəbulu da hamiləlik zamanı çox böyük əhəmiyyət kəsb edir. Təbii ki, bütün qeyd olunanlarla bərabər porsiyaların düzgün seçilməsi və hamilə qadının yanaşı patologiyasının olub-olmaması da diqqətdə qalmalıdır”.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin