Həkim hansı hallarda xəstənin müalicəsindən imtina edə bilər?

Son günlər sosial şəbəkələrdə həkim məsuliyyətsizliyi ucbatından baş verən ölüm hadisələri geniş müzakirə olunmaqdadır.

Oxu.Az xəbər verir ki, tanınmış aktrisa Çimnaz Sultanovanın ölümü bu mövzunu yenidən gündəmə gətirdi.

Bağırsaq xərçəngi diaqnozu qoyulan Çimnaz Sultanova iki fərqli xəstəxanada əməliyyat olunmuşdu. Lakin yaxınlarının iddiasına görə, yanlış icra edilən cərrahi müdaxilə aktrisanın həyatına son qoydu.

Bəs görəsən, həkimlər, cərrahlar hansı hallarda xəstənin müalicəsindən, əməliyyatdan imtina edə bilərlər? Əməliyyatla sağalmaq ehtimalı olmayan xəstənin əməliyyatının icrasından həkim imtina edə bilərmi?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamada qeyd olunub ki, bu məsələ qanunla tənzimlənir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən, pasiyentin həyatı təhlükə altında olmadıqda və o, həkim təyinatını yerinə yetirmədikdə, yaxud müəssisənin daxili qaydalarını pozduqda müvafiq rəhbər şəxslə razılıq əsasında müalicə həkimi pasiyenti müşahidə və müalicə etməkdən imtina edə bilər”, – deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

Əzizə İsmayılova