Həkim-endokrinoloq: Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 əleyhinə peyvənd vurdurmalıdırlar
Bakı, 15 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-endokrinoloq Xalid Qurbanzadə diabet xəstəliyi ilə bağlı bir sıra sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
-“Gizli şəkər” nədir?
– Qanda şəkərin səviyyəsi normadan yüksəkdirsə, lakin şəkərli diabet diaqnozu qoymaq üçün kifayət deyilsə, o zaman həmin şəxsə prediabet (gizli diabet) diaqnozu qoyula bilər. Tam normal orqanizmdə qan şəkəri 100 mg/dl altında olmalıdı, diabet göstərici isə 126 mg/dl-dan yüksək hesab edilir. Məsələn, tədqiqatlar zamanı “Diabetin qarşısının alınması proqramına” qatılan prediabet xəstələrinin 11 faizində diabetin inkişaf etdiyi görülüb. Son zamanlar diabetin diaqnostikasında çox vacib kriteriyalardan biri 3 aylıq şəkər göstəricisidir ki, normal şəxslərdə şəkər miqdarı 5,6 mmol/l altında, diabet xəstələrində isə 6,5 mmol/l çox olanlardır. Şəkər miqdarı qeyd edilən aralıqda olan şəxslər isə prediabetik qrupa daxil olur. Əvvəllər prediabet şəkərə meyillilik kimi qəbul edilirdi. Son vaxtlar mütəxəssislər onların da diabetdəki kimi ağırlaşmalarla üzləşə biləcəyini ehtimal edirlər. Prediabetik üçün düzgün təyin edilmiş müalicə və sağlam həyat tərzi ilə bu mərhələni uzadıb diabetə keçid müddətini uzatmaq mümkündür. Ötən ilin statistikasına əsasən, tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı 287 min 466 nəfərdir.
– Diabetin əlamətləri hansılardır?
– Qidalanma yolu ilə qana keçən qlükoza insulin hormonunun azlığından hüceyrələr tərəfindən sorula bilmir və qanda şəkər yüksəlir. Qanda şəkərin artmasına “hiperqlikemiya” deyilir. Şəkərin diaqnozu üçün 8 saatlıq aclıqdan sonra qan şəkərinin normal dəyəri 100-110 mq/dl olmalıdır.
Qandakı yüksək şəkər səviyyəsinə nəzarət edilmədikdə və yüksəlmə davamlı olaraq baş verdikdə, bu, daxili orqanların ciddi struktur zədələnməsinə səbəb olur. Yüksək qan şəkəri ilə əlaqəli diabet simptomları diabetin klassik 3P simptomları adlanır. Bu simptomlar polidipsiya (həddindən artıq susuzluq və su içmək istəyi, maye qəbulunun əhəmiyyətli dərəcədə artması), poliuriya (çox tez-tez sidiyə getmə) və polifagiyadır (çox yemək istəyi, iştahanın artması).
Bunlara əlavə olaraq, yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi və bulanıq görmə də digər ümumi diabet simptomlarıdır.
– Kimlər risk qrupuna aiddirlər?
– Bədən kütlə indeksi yuxarı olanlarda şəkərli diabetə tutulma ehtimalı digərlərindən beş dəfə çox olur. Birinci dərəcəli qohumlarında (ana, ata, qardaş kimi) şəkərli diabet olanlar, polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar, ürək-damar xəstəliyi və ya yüksək qan təzyiqi olanlar, əvvəllər gizli şəkər diaqnozu qoyulmuş xəstələr yüksək risk qrupuna daxildirlər.
– Evdə qan şəkərinin ölçülməsi tezliyi nə qədər olmalıdır?
– Qanda şəkərin ölçülməsi tezliyi diabet xəstəsinin ehtiyacları ilə müəyyən edilir. Bu sualın ən dəqiq cavabı sizdən və həkiminizin qərarından asılıdır. İnsulindən istifadə edən birinci tip diabet xəstələri şəkərin miqdarını gündə ən azı dörd dəfə ölçməli və əvvəlki ölçmənin nəticələrinə uyğun olaraq insulin dozasını və yemək planlarını tərtib etməlidirlər.
İnsulindən istifadə etməyən ikinci tip diabetli xəstələrdə gün ərzində qan şəkərinin dəyişməsi daha az olur, buna görə də belə diabet xəstələri adətən digərləri qədər qan şəkərini ölçməyə ehtiyac duymurlar. Bu xəstələrdə yeni müalicəyə keçərkən, dozanı tənzimləyərkən və həyat tərzində əhəmiyyətli dəyişiklik edərkən tez-tez ölçmə aparılmalıdır. Bu hallarda, səhər yeməyindən əvvəl və axşam yeməyindən əvvəl gündə iki ölçmə kifayətdir.
-Şəkər xəstələri COVID-19 əleyhinə vaksini vurdura bilərmi?
-Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.