Hazırda dünyada 450 milyona yaxın insan pnevmoniyadan əziyyət çəkir

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında (TTK) “Dünya Ağciyər Günü”nə həsr edilmiş simpozium keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, simpoziumda giriş sözü ilə çıxış edən respublikanın baş allerqoloqu, professor Cəbrayıl Məmmədov ağciyər və tənəffüs yollarında yaranan xəstəliklərin dünyada geniş yayıldığını bildirib.

Sonra ATU TTK-nın pulmonoloqu, professor Əlizamin Sadıqovun “Hospitaldaxili və ventilyator assosasiya olunan pnevmoniyaların müalicəsinə yeni yanaşma” mövzusunda məruzəsi dinlənilib. Professor bildirib ki, hazırda dünyada 450 milyona yaxın insan pnevmoniyadan əziyyət çəkir və 4 milyon nəfər həmin xəstəlikdən vəfat edib.

Pulmonoloq dünya praktikasında son illər xəstəliyin müayinə üsullarından söhbət açaraq, Avropada və ölkəmizdə xəstəliyin diaqnostikası, aşkarlanması, yeni müalicə üsullarına toxunub və bu problemlə mübarizə aparılması yollarını iştirakçıların diqqətinə çatdırıb. Ə.Sadıqov ölkəmizdə də həmin xəstəliklə mübarizə aparmaq üçün lazımi resursların olduğunu bildirib və mübarizənin daha effektli olması üçün bir sıra təkliflərlə çıxış edib.

Pnevmoniyanın müalicəsində yeni yanaşmalarla bağlı söylənilən fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.